logo

Smart kartların eManat ödəmə köşklərində yüklənməsinin tətbiqinə başlanılmışdır


Yaradılıb: 19-12-2013 14:58

 
   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti smart-kart tipli su sayğaclarının tətbiqinin genişləndirilməsi ilə paralel olaraq abunəçilərin  smart kartlardan istifadəsinin asanlaşdırılması istiqamətində tədbirləri davam etdirir. Əhali və qeyr-əhali qrupu abunəçiləri üçün verilmiş smart kartların daha bir ödəmə köşkündə - eManat terminallarında yüklənməsinin tətbiqinə başlanmışdır.

  “Azərsu” ASC-nin ödəmə xidmətləri sahəsində ixtisaslaşmış “Modenis” şirkəti ilə əldə etdiyi razılığa əsasən, Səhmdar Cəmiyyətin bu sahə üzrə məlumatları eManat ödəmə terminallarına inteqrasiya olunmuşdur.  Bununla da həmin terminallar tərəfindən “Azərsu” ASC-nin smart-kartlarının oxunması və müvafiq əməliyyatların aparılması təmin edilmişdir.

 Ödənişlərin aparılması və smart kartlara balansın yüklənməsi üçün eManat ödəniş terminallarının ekranında “Azərsu” bölməsini, sonra “smart-karta yükləmə” panelini seçmək lazımdır. Bu zaman terminalın ekranında əhali və qeyri-əhali abunəçiləri üçün müvafiq panellər seçilməlidir. Bundan sonra smart-kartlar terminala daxil edilir və ödəmə əməliyyatlarına başlanılır. Terminallara daxil edilən məbləğ real zaman rejimində həyata keçirilir və  smart-kartlara balans yüklənilir. Ödəniş başa çatdıqdan sonra ödəmə qəbzi çap olunur.

  Növbəti mərhələdə abunəçilər yüklənmiş kartı sayğaclara daxil edib balanslarını artırırlar.

  Hazırda respublikada 700-yə yaxın eManat köşkü fəaliyyət göstərir ki, bunların da 80-i regionlarda quraşdırılmışdır. Bu köşklərin hər birində su və kanalizasiya xidmətləri üzrə ödəmələr aparmaq mümkündür. Gələcəkdə belə köşklərin sayının artırılacağı nəzərdə tutulur. eManat köşklərində əməliyyat aparılarkan texniki problemlər yarandıqda 012-404-48-88 nömrəsinə zəng etməklə “Modenis” şirkəti ilə əlaqə saxlanılmalıdır.

   Qeyd edək ki, “Azərsu” ASC-nin abunəçiləri MilliÖn ödəniş terminallarında da ödəniş aparmaq imkanına malikdirlər. Hər iki terminalda yükləmə prosesi analoji qaydada aparılır və istifadəçilər üçün eyni statusa malikdir.