logo

Asiya İnkişaf Bankı su təchizatı və kanalizasiya sektoruna 150 milyon dollar ayırıb


Yaradılıb: 17-12-2013 15:25


Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin maliyyələşdirilməsində maraqlıdır və bu sahədə əməkdaşlıq qarşıdakı illərdə də davam etdiriləcək. Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olly Norojono keçirdiyi mətbuat konfransında bankın ölkəmizdə fəaliyyətinin perspektivləri barədə məlumat vermişdir.

O.Noroyono bildirmişdir ki, bankın Azərbaycan üzrə  2014-2018-ci illər üçün nəzərdə tutulmuş strategiyasının gələn ilin əvvəlində təsdiqlənməsi nəzərdə tutulur. Hazırda AİB-in 2014-2016-cı illərdə Azərbaycanda fəaliyyəti üzrə biznes plan hazırlanır.  Bu biznes plan çərçivəsində maliyyələşdiriləcək layihələr Azərbaycan ökuməti ilə razılaşdırılib və plan  2014-cü ilin yanvar ayında bankın Direktorlar Şurasına təqdim olunacaq. Bu plana əsasən  Asiya İnkişaf Bankı Azərbaycana növbəti 3 il ərzində ümumilikdə 465 milyon dollar kredit ayıracaqdır. Bank rəsmisi həmin vəsaitlərin dövlət sektorunda maliyyələşdirilən layihələr üçün ayrılacağını bildirib. O.Noroyono su təchizatı və kanalizasiya sistemi üzrə 600 milyon dollar dəyərində investisiya proqramının növbəti tranşının ayrıldığını bildirmişdir: "Asiya İnkişaf  Bankı su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün 150 milyon dollar məbləğində üçüncü tranşın ayrılmasını təsdiq edib. Bu tranş üzrə ayrılan vəsaitlər Ağcabədi və Naxçıvan şəhərlərində su təchizatının yaxşılaşdırılmasına sərf olunacaq”.

Qeyd edək ki, Azərbaycan hökumətinin  Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş, Beyləqan, Ağcabədi və Balakən şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Bu layihələr çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində tikinti-quraşdırma işləri başlanmışdır. Hazırda hər 3 şəhərdə içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Ağcabədi və Balakən şəhərlərində isə layihənin icrasına hazırlıq işləri görülür.