logo

Quraşdırılmış smart-kart sayğacların sayı 200 mini keçmişdir


Yaradılıb: 09-12-2013 15:14

         

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılması istiqamətində tədbirləri  davam etdirir.

  Cari ilin yanvar-noyabr aylarında 180 min abunəçi smart- kart sayğaclarla təmin edilmişdir. Bununla da 2012-ci ildən - smart-kart sayğacların tətbiqinə  başlanılandan indiyədək “Azərsu” ASC-nin xidmət idarələri və podratçı təşkilatlar tərəfindən quraşdırılmış sayğacların sayı 200 mini keçmişdir.  Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə eləcədə  bölgələrdə smart-kart sayğacların quraşdırılması intensiv şəkildə aparılır. Quraşdırılmış sayğacların 140 minə qədəri Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun payına düşür. Hazırda regionlarda içməli su təchizatı  və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri çərçivəsində 60 mindən çox abunəçi smart-kart tipli  sayğaclarla təmin olunmuşdur.  Artıq Quba, Ucar, Zərdab, Lənkəran, Biləsuvar, İmişli, Hacıqabul, Tovuz, Ağstafa  və digər şəhərlərdə abunəçilər smart-kart sayğaclardan istifadə edirlər.

  Smart-kart sayğacların quraşdırılması əhali və qeyri əhali qrup abunəçi üçün paralel aparılır. İndiyə qədər quraşdırılmış sayğacların 176 min ədədi əhali, 24 min ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür. Ümumilikdə mexaniki cihazlar da daxil olmaqla “Azərsu”   ASC üzrə abunəçilərin 53 faizi sayğacla təmin olunmuşdur.  Təhlillər göstərir ki, smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artmış, eyni zamanda  həmin abunəçilər üzrə ödəniş 100 faiz təmin olunmuşdur.   

  Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən  əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir.