logo

“Azərsu” ASC-nin nümayəndələri Avropa Agentliyinin tədbirində iştirak etmişdir


Yaradılıb: 06-12-2013 15:19

      

    3-5 dekabr 2013-cü il tarixlərində Gürcüstan Respublikasında Ətraf mühit üzrə Avropa Agentliyi tərəfindən (EEA-Europian Environment Agency) ENPİ-SEİS regional Su Hesabatlarının hazırlanması üzrə təlim-seminar keçirilmişdir. Tədbirdə Ətraf mühit üzrə Avropa Agentliyinin mütəxəssisləri ilə yanaşı Azərbaycan, Latviya, Moldova, Gürcüstan, Belarus, Ukrayna və Çexiyadan  mütəxəssislər iştirak etmişdir. Tədbirdə ölkəmizi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyasının müdiri Elşən Nəzərov və Səhmdar Cəmiyyətin Elm, texnika və strateji araşdırmalar şöbəsinin aparıcı mühəndisi Rəşail İsmayılov təmsil etmişdir. Təlim-seminarda əsasən çay və göllərdə suyun keyfiyyət göstəricilərinin monitorinq məlumatlarının idarə olunması istiqamətində 5 bölmə üzrə müzakirələr aparılmışdır.    

   Tədbirdə çıxış edən Mərkəzi Laboratoriyanın müdiri Elşən Nəzərov “Azərsu” ASC-nin həyata keçirdiyi layihələr barədə məlumat verərək, regionun ən müasir laboratoriyasının Azərbaycanda olduğunu diqqətə çatdırmışdır. E.Nəzrov tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, yeni laboratoriyada içməli su və tullantı suları bölmələri mövcuddur. Laboratoriyada  Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılmışdır. Bu cihaz  və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür. Burada 138, o cümlədən içməli suyun 84, tullantı sularının 54 parametri təyin edilir. Yeni laboratoriya qurularkən respublikanın regionlarında istənilən ərazidə və şəraitdə  analizlərin aparılması imkanları da təmin edilmişdir. Bu məqsədlə nümunələrin daşınması və yerlərdə ilkin parametrlərin analizlərinin təşkili üçün səyyar laboratoriya kimi fəaliyyət göstərən 6 xüsusi təyinatlı nəqliyyat vasitəsi alınmışdır. Hazırda səyyar laboratoriyalar vasitəsilə rayon mərkəzləri və kəndlərdə su nümunələrinin analizləri aparılır.