logo

"Azərsu" ASC-də qanvermə aksiyası keçirilmişdir


Yaradılıb: 03-12-2013 15:09

           

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası tədbirləri çərçivəsində ölkəmizdə  genişmiqyaslı qanvermə aksiyaları təşkil olunur. Bu xeyirxah təşəbbüsə qoşulan Heydər Əliyev Fondu Azərbaycanda qan bankının yaradılması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı məqsədi ilə mühüm layihələr həyata keçirir. İrsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü humanitar aksiyada “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də yaxından iştirak edir.

   3 dekabr - Beynəlxalq Əlillər günü Səhmdar Cəmiyyətdə böyük qanvermə aksiyası keçirilmişdir.  Tədbirin yüksək səviyyədə təşkili məqsədi ilə əvvəlcədən hazırlıqlar görülmüş, qan vermək istəyənlərin siyahısı hazırlanmış, tibb işçilərinin normal fəaliyyətini təmin etmək məqsədi ilə lazımi şərait yaradılmışdır.

    Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun  Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl səyyar laboratoriyada yoxlanılmışdır. Müayinə nəticəsində sağlamlığı qan götürməyə  imkan verən şəxslər müəyyənləşdirilmişdir.

   Səhmdar Cəmiyyətin əmək kollektivləri bu aksiyada yüksək təşəbbüs və fəallıq nümayiş etdirmişlər. Ümumilikdə aksiyada iştirak etmək üçün “Azərsu” ASC-nin  Aparatı, eləcə də idarə və təşkilatlarından 300-dən çox əməkdaş  qanvermədə iştirak etmişdir. Donorlar  qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdırmış, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildirmişlər.

 Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun əməkdaşları bildirmişlər ki, götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə olunacaqdır.