logo

Ekoloji tədbirlər çərçivəsində genişmiqyaslı yaşıllaşdırma işləri aparılır


Yaradılıb: 02-12-2013 15:09

           

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunmasına öz töhfəsini verməkdədir. Səhmdar Cəmiyyətin həyata keçirdiyi ekoloji tədbirlər çərçivəsində yaşıllaşdırma işləri xüsusi əhəmiyyət kəsb edir. 2011-ci ildən başlayaraq yaz və payız mövsümlərində Səhmdar Cəmiyyətin əmək kollektivlərinin təşəbbüsü ilə idarə və müəssisələrdə, su anbarlarının və təmizləyici qurğuların yerləşdiyi ərazilərdə geniş yaşıllaşdırma işləri aparılır.

 Cari ilin noyabrın ayının əvvəllərindən növbəti yaşıllaşdırma tədbirlərinə start verilmişdir. Noyabr ayında Ceyranbatan Su Kəmərləri İdarəsi, Hövsan Aerasiya Stansiyası, mərkəzi su anbarlarının ərazilərində ağacəkmə kampaniyaları təşkil olunmuşdur. Bu tədbirlər çərçivəsində müxtəlif növdə 10 minə yaxın ağac əkilmiş, yaşıllıqlar salınmışdır.

 Ümumilikdə 2013-cü ilin yanvar-noyabr aylarında Səhmdar Cəmiyyətin idarə və müəssisələrinin yerləşdiyi ərazilərdə müxtəlif növdə 27 min ədəd həmişəyaşıl, 688 ədəd dekorativ, 3440 ədəd meyvə ağacı, 106 min ədəd mövsümü gül,  5 min ədəd qızılgül kolu əkilmişdir. Bununla yanaşı,  10 min kvadratmetr sahədə qazon otu səpilmiş, ağacların suvarılması məqsədi ilə 2,6 km uzunluğunda su xətti çəkilmiş və damcı suvarma sistemi qurulmuşdur. Həmçinin  ötən illərdə əkilmiş ağaclara qulluq göstərilmiş və abadlıq işləri aparılmışdır.