logo

Mütəxəssislər VII Ümumrusiya Hidroloji Qurultayında iştirak etmişdir


Yaradılıb: 29-11-2013 13:21

    

19-21 noyabr 2013-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində VII Ümumrusiya Hidroloji Qurultayı keçirilmişdir. Qurultaya Rusiya Federasiyası ilə yanaşı, MDB və Avropanın bir sıra ölkələrinin tanınmış elm adamları və mütəxəssisləri dəvət olunmuşdur. 800-ə yaxın nümayəndənin qatıldığı tədbirdə Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətində  müxtəlif dövlət təşkilatları ilə yanaşı “Azərsu” ASC-nin mütəxəssisləri də  təmsil olunmuşdur.

Qurultayda əhali və müəssisələrin davamlı su təminatı, su ehtiyatlarının bərpası və qorunması, daşqın və su basmalardan mühafizə tədbirləri və digər məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

 “Azərsu” ASC-nin Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin (TOOM) direktor müavini, texniki elmlər doktoru Əhməd Məmmədov Azərbaycan çaylarında gedən məcra prosesləri və onların yaratdığı təhlükəli hallar, eləcə də baş verən proseslərin qiymətləndirilməsi istiqamətində aparılan tədqiqatlar barədə məruzə etmişdir.  

 TOOM-un şöbə müdiri Elşad Cavadzadə və layihə idarəetmə qrupunun rəhbəri Arzuman Bayramov ölkəmizdə su təsərrüfatı sahəsində görülən işlər və həyata keçirilən layihələr, həmçinin mövcud hidroloji problemlər və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat vermişlər. Hər üç əməkdaşımızın ayrı-ayrı mövzularda olan elmi məqalələri qurultay materiallarının dərc ediləcək elmi məqalələr toplusunda öz əksini tapmışdır.

Qurultayın sonuncu günündə yekun hesabat dinlənilmiş və hidrologiya elminin inkişaf istiqamətləri, su ehtiyatlarının dayanıqlı istifadəsinin təşkili, müasir texnologiyaların tətbiqi  istiqamətində əsaslandırılmış elmi tövsiyələr verilmişdir.

 Qurultayın səmərəliliyini və əyaniliyini təmin etmək məqsədilə tədbir çərçivəsində sərgi təşkil edilmişdir. Sərgidə müasir hidroloji ölçmə avadanlıqları və yeni texnologiyalar nümayiş etdirilmişdir.  

Su təsərrüfatı və hidrologiya elminin inkişafı sahəsində yerinə yetirilən işlər, onların tətbiqi, eləcə də bu sahədə aktual problemlərin həlli baxımından qurultayın verəcəyi töhfələr təşkilatçılar və iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.