logo

Xətai rayonunda 24 saat fasiləsiz su təchizatı təmin olunur


Yaradılıb: 26-11-2013 14:49

          

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Bakı şəhərində genişmiqyaslı işlər həyata keçirilir. Bu məqsədlə mərkəzi anbarlarda, magistral su xətlərində, eləcə də binadaxili paylayıcı sistemlərində əsaslı yenidənqurma işləri aparılır.

  Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyəti olan “+69 Şərq” və “+110 Şərq” anbar komplekslərində həyata keçirilmiş genişmiqyaslı tədbirlərin davamı olaraq Xətai rayonunun fasiləsiz rejimdə içməli su ilə təmin edilməsi üçün işlərə başlanılmışdır. Anbarlardan ötürülən suyun həcminin artırılması hesabına Xətai rayonunun əksər hissəsinə artıq 24 saat su verilir. Eyni zamanda paylayıcı şəbəkədə, çoxmərtəbəli yaşayış binalarında, xüsusən də yuxarı mərtəbələrdə suyun təzyiqi daim nəzarətdə saxlanılır. Sınaq yoxlamaları başa çatdıqdan və su verilişində stabil rejim tam təmin olunduqdan sonra Xətai rayonundakı istehlakçıların 90 faizindən çoxu 24 saat içməli su alacaqlar. Qeyd edək ki, son 10 gündə görülmüş işlərin nəticəsi olaraq rayon sakinlərinin 80 faizindən çoxu fasiləsiz su ilə təchiz olunur. İşlər yekunlaşdıqdan sonra Xətai rayonunun 245 min sakininin 225 min nəfərinə və  ya təqribən 92 faizinə 24 saat su veriləcəkdir. 

   Yeri gəlmişkən, bu işlərlə paralel Xətai rayonu ərazisindəki çoxmənzilli yaşayış binalarının daxili su sistemləri yenidən qurulur. Layihə çərçivəsində binaların zirzəmilərində istismar müddətini başa vurmuş polad xətlər ləğv edilir, əvəzində binaların həyətindən keçməklə yeni polietilen boru çəkilir və hər bir girişdə siyirtmələr quraşdırılır. Eyni zamanda mənzillərin daxilindən (şaxtalardan) keçən dik dayaqlar pilləkən qəfəsələrinə çıxarılmaqla tamamilə yenidən qurulur və hər bir mənzil smart-kart tipli ön ödənişli sayğacla təmin edilir. Bütün bu işlər dövlət vəsaiti hesabına həyata keçirilir, xətlərin dəyişdirilməsi, eləcə də sayğacların quraşdırılması əhali qrupu abunəçiləri üçün pulsuzdur. İndiyə qədər Xətai rayonunda 46 binada bu işlər tam başa çatdırılmış, 4720 mənzilə smart-kart tipli su sayğacları quraşdırılmışdır. 89 binanın daxili su şəbəkəsinin yenidən qurulması üçün layihə sənədləri hazırlanmış və işlərə başlanılmışdır. Ümumilikdə Xətai rayonu ərazisində 800-dən artıq çoxmənzilli yaşayış binası vardır və onların hər birində belə layihələr həyata keçiriləcəkdir.

  Binadaxili su xətlərinin yenidən quraşdırılması su itkisinin və binaların zirzəmilərinə axan suların qarşısını almağa imkan vermişdir. Dik dayaqların pilləkən qəfəslərinə çıxarılması və sayğaclaşma göstərilən xidmətin asanlaşması, dəqiq uçotun qurulması və nəhayət 100 faiz ödənişin təmin olunması ilə nəticələnmişdir.

   “+69 Şərq” və “+110 Şərq” su anbarı komplekslərində həyata keçirilmiş tədbirlər nəticəsində Xətai rayonu fasiləsiz su almaqla yanaşı, buradakı 33 məhəllədaxili nasos stansiyasından 25-nin fəaliyyəti dayandırılmışdır ki, bu da elektrik enerjisinə qənaət deməkdir.

   “Azərsu” ASC abunəçilərdən xahiş edir ki, Xətai rayonu ərazisində 24 saatlıq rejimə keçidlə əlaqədar binadaxili xətlərdə axıntı ilə rastlaşdıqda, hər hansı mənzildə suyun təzyiqi aşağı olduqda və ya yuxarı mərtəbələrə su qalxmadıqda Zəng Mərkəzinə (955 nömrəsinə) müraciət etsinlər.