logo

“Azərsu” ASC karyera günü və iş yarmarkasında iştirak etmişdir


Yaradılıb: 25-11-2013 15:45

            

  Noyabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin  və  ADU-nun İnformasiya Resurs Kompleksinin Amerika Mərkəzinin təşkilatçılığı ilə karyera günü və iş yarmarkası keçirilmişdir. Gənc və ali təhsilli peşəkarları tanımaq və potensial işçilər tapmaq, həmçinin gəncləri işlə təmin etmək məqsədi ilə təşkil olunmuş əmək yarmarkasında iştirak edən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən vakant iş yerləri təqdim edilmişdir. Bir çox dövlət təşkilatı və özəl sektordan dəvət olunmuş şirkətlərin təmsil olunduğu əmək yarmarkasında “Azərsu” ASC-nin təklif etdiyi iş yerləri təşkilatçılar və iş axtaran gənclər tərəfindən maraqla qarşılanmışdır.  

    Vakant iş yerləri əsasən su təchizatı və kanalizasiya mühəndisliyi, energetik, mexanik, kimya mühəndisliyi və digər ixtisaslar üzrə olmuşdur. Müraciət edən 100-ə yaxın iştirakçıya “Azərsu” ASC-nin fəaliyyəti və vakansiyalar barədə məlumatlar verilmişdir. Onlardan 45 nəfəri Səhmdar Cəmiyyətdə işləmək arzusunu bildirmiş və CV blankını dolduraraq təqdim etmişlər. “Azərsu” ASC-nin İnsan resurslarının idarə olunması şöbəsinin əməkdaşları tərəfindən müraciət edənlərin tələb olunan ixtisaslara uyğunluğu yoxlanılmış və müsabiqədə iştirak üçün məqbul hesab olunmuşdur. Növbəti mərhələdə həmin namizədlər “Azərsu” ASC-də təşkil olunacaq test imtahanlarında iştirak edəcəklər.

   Qeyd edək ki, “Azərsu” ASC-də yeni işçilərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin birinci mərhələsi test imtahanı, ikinci mərhələsi isə “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup tərəfindən keçirilən fərdi müsahibədən ibarətdir.