logo

“Azərsu” ASC “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisində uğurla təmsil olunur.


Yaradılıb: 21-11-2013 14:26

         

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti noyabrın 20-də Bakı Ekspo Mərkəzində keçirilən  4-cü Beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” (CTE-2013) sərgisində uğurla təmsil olunur.

  Ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunmasına öz töhfələrini verən “Azərsu” ASC sərgidə növbəti dəfə xüsusi pavilyonla iştirak edir. Pavilyonda yeni su mənbələri, ölkədə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr və dövlət proqramları, həyata keçirilən ekoloji tədbirlərlə bağlı stendlər və maketlər yerləşdirilmişdir. Təqdim olunan sərgi materiallarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələr haqqında ətraflı məlumatlar əksini tapmışdır.

   İçməli suyun təmizlənməsində yeni texnologiyaların tətbiqi ekoloji tədbirlərin tərkib hissəsidir. Sərgi ziyarətçilərinin diqqətinə çatdırılmışdır ki, hazırda Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin ərazisində tikilən Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusu miqyasına və məhsuldarlığına görə regionda ən böyük ultrasüzgəcli qurğu olacaqdır. Məhsuldarlığı saniyədə 6 kubmetr (sutkada 520 min kubmetr) layihələndirilən qurğu suyun tərkibindəki 0,01 mikron ölçüdən böyük  hissəcikləri, suda olan bütün zərərli mikrobları və bakteriyaları saxlamaqla suyun təbii mineral tərkibini dəyişmədən onun daha yaxşı təmizlənməsini təmin edəcəkdir. Burada emal olunacaq su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcəkdir. 

    Cari ilin sentyabrında istifadəyə verilmiş “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında içməli su və tullantı sularının dəqiq analizlərinin aparılması  üçün  beynəlxalq səviyyədə tanınmış şirkətlərinin ən müasir  avadanlıqları və cihazları quraşdırılmışdır. Laboratoriyada suların 138 parametri, o cümlədən içməli suyun 84, tullantı sularının 54 parametri təyin edilir.

İçməli suyun mənbədən götürülərək istehlakçılara çatdırılmasınadək, eləcə də çirkab suların idarəolunmasının bütün mərhələlərində ekoloji tələblər ciddi şəkildə gözlənilir. Ekoloji tədbirlər çərçivəsində idarə və müəssisələrin, hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə yaşıllaşdırma  və  abadlıq işləri aparılır.

Pavilyonda əsas su təchizatı və kanalizasiya infrastrukturları, həmçinin “Azərsu”-nin Mərkəzi Laboratoriyasından bəhs edən videoçarxlar nümayiş etdirilir, Səhmdar Cəmiyyətin fəaliyyətini əks etdirən çap məhsulları təqdim olunur. “Azərsu” ASC-nin pavilyonu ziyarətçilərin böyük marağına səbəb olmuşdur.

  Qeyd edək ki, “CTE-2013” sərgisi "İteca Caspian" şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə   keçirilir. "CTE-2013" beynəlxalq sərgisində Azərbaycanla yanaşı, Almaniya, İtaliya, İspaniya, Qazaxıstan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən 58 şirkət iştirak edir. Sərgi çərçivəsində təbii ehtiyatlardan səmərəli istifadə, habelə külək, su və torpaq kimi bərpa olunan resurslar sahəsində  yeni layihələr təqdim olunur, alternativ enerji mənbələri, eləcə də suyun təmizlənməsi üzrə ən müasir avadanlıqlar nümayiş etdirilir.

   "CTE-2013" sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətləri nümayiş etdirməklə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, investisiyaların cəlb edilməsi və yeni texnologiyalardan istifadə sahəsində təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradacaqdır.

     Sərgi noyabrın 22-dək davam etmişdir.