logo

Hövsan Aerasiya Stansiyasında tullantı lillərinin susuzlaşdırılması texnologiyasının tətbiqinə başlanmışdır


Yaradılıb: 18-11-2013 13:23

                       "Azərsu"  Açıq Səhmdar Cəmiyyəti ətraf mühitin mühafizəsi, Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması istiqamətində kompleks tədbirlər həyata keçirir. Bakı şəhərində toplanan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədi ilə yeni texnologiyaların tətbiqi davam etdirilir. Cənubi Qafqazda ən böyük təmizləyici qurğu olan Hövsan Aerasiya Stansiyasında yeni texnologiyanın - tullantı lillərinin susuzlaşdırılmasının tətbiqinə başlanılmışdır.

  Qeyd edək ki, hazırda tullantı qalıqlarının  atılması və basdırılması ekologiyanın aktual problemlərindən biridir. İndiyədək Hövsan Aerasiya Stansiyasında tullantı sularının bioloji təmizlənməsi zamanı böyük lil qatı yaranır. Lil qatı yarımmaye şəklində olduğundan onun daşınması çətinliklər yaradır. Başqa sözlə, sutka ərzində  yaranan lil  nasoslar  vasitəsi ilə hər  birinin  həcmi  17500 kubmetr olan 36 ədəd lil meydançasına vurulur. Bu meydançalar ümumilikdə 27 hektar ərazini əhatə edir.

   Həmin problemlərin aradan qaldırılması məqsədi ilə Hövsan Aerasiya Stansiyasında Türkiyənin “HAUS” şirkətinin istehsalı olan yeni lil susuzlaşdırıcı dekantorlar  quraşdırılmışdır. Sutkalıq məhsuldarlığı 72 kubmetr olan qurğu Hövsan Aerasiya Stansiyasında sutka ərzində yaranan bütün lil kütləsini emal etməyə imkan verir. Eyni zamanda stansiya ərazisində hər birinin tutumu 60 kubmetr olan 2 ədəd  əhəng çəni quraşdırılmışdır. Texnoloji prosesə əsasən tullantı lilləri əhəng kütləsi hesabına zərərsizləşdirilir. Yeni texnologiyanın tətbiqindən sonra Hövsan Aerasiya Stansiyasında izafi lilin miqdarı gündəlik 2500 kubmetrdən 150 kubmetrə qədər azalmışdır. Bununla da lil tullantısı əvvəlki dövrlə müqayisədə  20 dəfəyədək kiçik ərazini əhatə edəcəkdir.  

  Qeyd edək ki, ekoloji cəhətdən təhlükəsiz və iqtisadi baxımdan səmərəli sayılan bu texnologiya dünyanın inkişaf etmiş ölkələrində geniş tətbiq olunur.