logo

Qala-Zirə magistral su xəttinin tikintisinə başlanmışdır


Yaradılıb: 13-11-2013 14:33

   

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.   “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ən böyük layihələrdən olan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Qala qəsəbəsindən Zirə qəsəbəsinədək  hissəsinin inşasına başlanmışdır.

  Ceyranbatan-Balaxanı-Ramana-Qala  magistral su kəmərinin davamı olaraq tikilən xətt 22,2 km layihələndirilmişdir və 1020 mm diametrli metal borularla çəkilir. İnşaat işlərinə başlanandan  kəmərin 2,7 km-lik hissəsində qaynaq işləri başa çatdırılmış və borular xəndəyə endirilmişdir. Kəmərin tikintisində ən son texnologiyalardan istifadə olunur. Borular avtomatik idarəolunan qaynaq aparatları vasitəsi ilə birləşdirilir və hər bir qaynaq tikişi ultrasəs aparatı vasitəsi ilə yoxlanılır.  Kəmərlə nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq məqsədi ilə borular daxildən xüsusi izolyasiya ilə örtüklənir.

Qala-Zirə  su xətti Ceyranbatan-Balaxanı-Ramana-Qala xəttinə qoşulmaqla hazırda inşa edilən 10 min kubmetr tutumlu  Zirə su anbarını su ilə təmin edəcək. Növbəti mərhələdə Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Zirə qəsəbəsindən Pirallahı qəsəbəsinədək olan hissəsi tikiləcəkdir. Magistral xətt  və  su anbarı tam istismara verildikdən sonra Zirə, Pirallahı, Gürgan və Türkan qəsəbələrinin, həmçinin Dübəndi yaşayış məntəqəsinin 45 minə qədər sakini dayanıqlı içməli su ilə təmin ediləcək. Hazırda bu yaşayış məntəqələrində  mərkəzləşmiş içməli su təchizatı sistemi olmadığından əhali quyu sularından istifadə edir və ya suyu maşınlarla alır.

 

Qeyd edək ki, 2012-2013-cü illərdə tikilərək istismara verilmiş Ceyranbatan-Balaxanı-Ramana-Qala su kəməri ilə cari ilin iyul ayından yaşayış məntəqələrinə içməli suyun verilməsinə başlanmışdır. Ötən müddətdə magistral kəmərdən Abşeron rayonunun Mehdiabad, Digah, Məhəmmədli,  Binəqədi rayonunun Gülüstan yaşayış massivinə, Sabunçu rayonunun Sabunçu, Balaxanı, Ramana və  Zabrat  qəsəbələrinə, Xəzər rayonunun Buzovna, Mərdəkan, Şağan və Qala qəsəbələrinə  içməli suyun verilməsi təmin edilmişdir. Magistral xəttin istismara verilməsi nəticəsində Abşeron yarımadasının kənd və qəsəbələrində mərkəzləşmiş qaydada su almayan 23 min nəfərə ilk dəfə mərkəzləşmiş qaydada su verilmişdir. Ümumilikdə, Ceyranbatan-Qala  su xəttinin istifadəyə verilməsi nəticəsində  130 minə qədər sakinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Onlardan 90 min  nəfərin su təchizatı  24 saat fasiləsiz rejimə keçmiş, 40 min nəfərə yaxın sakinə suyun verilmə intervalı artırılmışdır.

 

Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su xətti tam istismara verildikdən və  qəsəbələrdə paylayıcı şəbəkələr yenidən qurulduqdan sonra Abşeron yarımadasında 1 milyona yaxın sakinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqdır.