logo

Pirallahı qəsəbəsinin su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur


Yaradılıb: 06-11-2013 15:05

    

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin  yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. “2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramı çərçivəsində içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə layihələr həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 dekabr 2012-ci il tarixli Sərəncamı ilə Pirallahı, Cilov və Neft Daşları qəsəbələri əsasında yaradılmış Pirallahı rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində işlər sürətləndirilmişdir. Bu sahədə idarəetmə sisteminin yaxşılaşdırılması və göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə “Azərsu” ASC-nin Pirallahı rayon Sukanal İdarəsi yaradılmışdır. Hazırda yeni yaradılmış rayonda su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin artırılması üçün təxirəsalınmaz tədbirlər və strateji layihələr həyata keçirilir.

 

 

 

 Qeyd edək ki, 14 min nəfər əhalisi olan Pirallahı  sakinləri 30 ilə yaxındır  içməli suyu maşınlarla alır. Özəl nəqliyyat vasitələri ilə qəsəbəyə daşınan içməli su əhaliyə pul ilə satılırdı.   Pirallahı qəsəbəsində içməli su təchizatı tam mərkəzləşdirilmiş qaydada təmin edilənə qədər “Azərsu” ASC-nin su maşınları ilə qəsəbə sakinlərinə,  həmçinin təhsil və səhiyyə müəssisələrinə pulsuz su çatdırılır. 

    Pirallahı qəsəbəsində mərkəzləşmiş su təchizatı sistemi ötən əsrin ortalarında yaradılmışdır. Qəsəbəyə Zirə yaxınlığında qazılmış artezian quyulardan məişətdə istifadə etmək üçün texniki su verilir. Əvvəllər abonentlər həftədə cəmi 1 gün qrafik əsasında su ala bilirdisə, görülmüş işlər nəticəsində (qeyri-qanuni qoşulmaların aradan qaldırılması, su itkilərinin qarşısının alınması, verilən suyun həcminin artırılması hesabına) hazırda gündəlik rejimə keçilmiş, sakinlər səhər və axşam qrafiklə su alır.

    Qəsəbənin içməli su probleminin tamamilə həll edilməsi isə yeni infrastrukturun yaradılmasından sonra mümkün olacaqdır. Hazırda qəsəbə ərazisində inşası nəzərdə tutulan 72 km su, 60 km kanalizasiya və 4 km yağış suları xətlərinin tikintisi davam etdirilir. Tikinti işlərinin başlanmasından indiyədək su xətlərinin 60 faizi, kanalizasiya xətlərinin 20, yağış sularının axıdılması xətlərinin isə 10 faizində işlər yekunlaşmışdır. Eyni zamanda qəsəbədəki çoxmənzilli yaşayış binalarının su təchizatı sistemləri yenidən qurulur. Bu məqsədlə zirzəmilərdəki paylayıcı xətlər tam yenilənmiş və dik dayaqlar pilləkən qəfəslərinə çıxarılmışdır. Hər bir abunəçinin samrt-kart tipli sayğacla təmin olunması nəzərdə tutulur.

   Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə-Pirallahı magistral su xəttinin inşası və qəsəbədaxili şəbəkənin tikintisi başa çatandan sonra Pirallahı sakinləri 24 saat keyfiyyətli içməli su ilə təmin olunacaqlar. Ümumilikdə Pirallahı qəsəbəsinin  içməli su təchihazının yaxşılaşdırılması işlərinin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur. 

    Pirallahı rayonunun ərazi vahidləri olan Çilov və Neft Daşları qəsəbələrinə isə içməli su gəmilərlə daşınır. Bununla yanaşı, Çilov adasının sakinləri ARDNŞ-nin quraşdırdığı əks-osmos bioloji təmizləmə qurğusunda duzsuzlaşdırılmış dəniz suyundan da istifadə edirlər.