logo

Kürdəxanı qəsəbəsində su təchizatı sistemi yenidən qurulur


Yaradılıb: 04-11-2013 15:07

      

   “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə (KOİCA) birgə həyata keçirdiyi "Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması" layihəsinin icrası uğurla davam etdirilir.  

Qeyd edək ki, ötən əsrin 50-ci illərində Kürdəxanı qəsəbəsində su təchizatı sistemləri yaradılsa da mövcud infrastruktur  uzun illər istismar olunduğundan və qəsəbəni tam əhatə etmədiyindən tələbata cavab vermir.  Mərkəzləşmiş su təchizatı olan yerlərdə sakinlər gündə bir neçə saatlıq qrafik əsasında içməli su ilə təmin olunur. Su şəbəkəsi olmayan ərazilərdə əhali quyu sularından istifadə edir və ya içməli suyu maşınlarla alır. Qəsəbənin yalnız kiçik bir hissəsində kanalizasiya şəbəkəsi mövcuddur.  

İcrasına cari ilin mayında başlanmış yeni layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Kürdəxanı qəsəbəsində 30 minə yaxın insanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanmışdır.

Koreya hökumətinin ayırdığı 26 milyon dollar  qrant hesabına həyata keçirilən layihəyə əsasən, Kürdəxanı qəsəbəsində müxtəlif diametrli polietilen borularla 90 km-ə yaxın içməli su xətti çəkiləcək, 3600-dən çox ünvana birləşmə veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq. Bundan başqa qəsəbədə 417 yanğın hidrantının quraşdırılması nəzərdə tutulur.

Layihənin icrasına başlanandan ötən dövr ərzində qəsəbədaxili su şəbəkəsinin 19 km-lik hissəsi çəkilmiş, 400-dək ünvana birləşmə verilmişdir. Layihə üzrə işlərin 2014-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

İlkin mərhələdə qəsəbəyə içməli su mövcud Ceyranbatan-Maştağa  magistral xəttindən veriləcəkdir. Gələcəkdə qəsəbə yaxınlığında hər birinin tutumu 4000 kubmetr olan 2 ədəd su anbarı tikiləcək və  bu anbarlar  Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı kəmərindən qidalanacaqdır.

 Layihə çərçivəsində 3,8 km uzunluğunda kanalizasiya kollektorunun və 1,4 km uzunluğunda mikrotunelin inşası da nəzərdə tutulur.

 Bundan başqa, Azərbaycan hökumətinin vəsaiti hesabına qəsəbə ərazisində 77,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaqdır. Toplanacaq tullantı suları gələcəkdə Pirşağı qəsəbəsi yaxınlığında tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənərək kənarlaşdırılacaqdır.