logo

İlk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə memorandumlar imzalanmışdır


Yaradılıb: 25-10-2013 13:41

            
   Oktyabrın 25-də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilmişdir.

  Tədbiri giriş sözü ilə açan təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumlarının imzalanmasının əhəmiyyətindən bəhs etmişdir. Təhsil Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı müəyyənləşdirilərkən Dövlət Neft Şirkəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ehtiyaclarının nəzərə alınacağını vurğulayan təhsil naziri əməkdaşlıq çərçivəsində müvafiq ixtisaslar üzrə tələb olunan peşə təhsili standartlarının birgə hazırlanmasının nəzərdə tutulduğunu bildirmişdir. Təhsil naziri ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün istehsalat təcrübəsinin təşkili, onların ödənişli yay təcrübəsi proqramına qəbul edilməsi, ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyət üçün müvafiq treninqlərin keçirilməsi məsələlərinin də nəzərə alındığını diqqətə çatdırmışdır. İlk peşə-ixtisas təhsilinin nüfuzunun yüksəldilməsi, yeniyetmələrin texniki peşələrə yiyələnməyə həvəsləndirilməsinin zəruriliyini bildirən nazir birgə proqramların hazırlanması, həyata keçirilməsi, müzakirələrin və debatların təşkili baxımından qarşıda duran vəzifələr barədə məlumat vermişdir.

          

  Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması istiqamətində Təhsil Nazirliyi ilə əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əmin olduğunu bildirmişdir. Dövlət Neft Şirkətinin prezidenti qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkəmizin əmək bazarında daha yüksək səviyyəli və ixtisaslaşmış işçi qüvvəsinə yaranmış ehtiyacın ödənilməsində müvafiq əməkdaşlıq münasibətlərinin mühüm rolu vardır.

  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Abşeron yarımadası və regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinini uğurla icra edildiyini, ən son texnoloji avadanlıqların quraşdırıldığını bildirmişdir: “Möhtərəm Prezident İlham Əliyev əhalinin  24 saat  fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmasını prioritet elan etmişdir və bununla bağlı “Azərsu” ASC-yə müvafiq tapşırıqlar vermişdir. Həyata keçirilən layihələri uğurla başa çatdırmaq və sistemlərin normal istismarına nail olmaq üçün gənc və perspektivli mütəxəssislərə ehtiyac yaranmışdır. Səhmdar Cəmiyyət olaraq fəhlə peşəsi üzrə kadrların hazırlanmasında  maraqlıyıq və bu məqsədlə təlim-tədris işlərinə müvafiq dəstək verməyə hazırıq. Peşə məktəbləri şagirdlərinin “Azərsu” ASC-nin idarə  və müəssisələrində, inşaat ərazilərində təcrübə keçməsi üçün böyük imkanlar vardır”

Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın peşəkar mütəxəssislərin hazırlanması işinə sistemli yanaşmağa imkan verdiyini vurğulayan “Azərsu” ASC-nin sədri birgə səylərlə qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə etmişdir.

Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dövlət Neft Şirkəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi barədə ikitərəfli əməkdaşlıq memorandumları imzalanmışdır.

Qeyd edək ki, imzalanmış memorandumlar Azərbaycan iqtisadiyyatının yüksək templə davam edən inkişafına töhfə vermək, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı sisteminin təkmilləşdirilməsini, işəgötürən təşkilatlarla əlaqələrin möhkəmləndirilməsini təmin etmək məqsədlərinə xidmət edir. Həmçinin, memorandumlarda peşə təhsili üzrə təhsilverənlərin və təhsilalanların bilik və bacarıqlarının artırılması, onların elmi-texniki yeniliklərə yiyələnməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi və peşə təhsili sisteminin ictimai statusunun yüksəldilməsi məsələləri öz əksini tapmışdır.