logo

"Azərsu" ASC “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisində uğurla təmsil olunmuşdur


Yaradılıb: 14-10-2013 16:26

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı Sərgi Mərkəzində təşkil olunmuş  “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisində uğurla təmsil olunur.  3 pavilyonda təşkil olunmuş sərgidə 2003-2013-cü illərdə respublikada iqtisadiyyatın və sosial həyatın müxtəlif sahələrində qazanılmış  nailiyyətlər nümayiş etdirilir. İnfrastrukturun mühüm sahələrindən sayılan su təchizatı və  kanalizasiya sektorunda  son 10 ildə əldə olunan nailiyyətlər Səhmdar Cəmiyyətin stendlərində əksini tapmışdır.

Sərginin “Ekologiya” bölməsinin mühüm bir hissəsi içməli su təchizatı və kanalizasiya sektoruna həsr edilmişdir. Burada 2003-2013-cü illərdə əhalinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə ətraflı  məlumat verilmişdir. Son 10 ilin əlamətdar hadisələrindən olan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Hövsan Aerasiya Stansiyasında yenidənqurma işləri, “Azərsu” ASC-nin yeni  Mərkəzi Laboratoriyasının yaradılması, Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması, yeni texnologiyaların tətbiqi və s. layihələrə geniş yer verilmişdir. Sərgidə içməli su təchizatı və kanalizasiya sektorunda həyata keçirilən layihələr haqqında videoçarx nümayiş etdirilir. Yüksək tərtibat və peşəkarlıqla hazırlanmış stendlər və videoçarxlar sərgi ziyarətçilərinin böyük marağına səbəb olmuşdur.   

 Ümumilikdə sərgidə Azərbaycanın sənaye, energetika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sahibkarlıq, nəqliyyat, turizm, fövqəladə hallar, şəhərsalma, səhiyyə, elm və təhsil, gənclər və idman, ekologiya, su və kanalizasiya, mədəniyyət və digər sahələrdə 2003-2013-cü illərdə qazanılmış  nailiyyətlər, regionların sosial-iqtisadi inkişafının əsas göstəriciləri nümayiş etdirilir. Mərkəzi pavilyonda qurulan ekranda son 10 ildə ölkəmizdə əldə olunan uğurlar təqdim edilir. Burada makroiqtisadi göstəricilər, həyat səviyyəsi, insan inkişafı, regional layihələr, irimiqyaslı infrastruktur layihələri, sənayedə yeni sahələr, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, qaçqın və məcburi köçkünlərə dövlət dəstəyi, ekologiya, olimpiya hərəkatı, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi, xarici siyasət sahəsindəki nailiyyətlər dinamik şəkildə qısa mesajlarla göstərilir.

  “Azərsu” ASC-nin kollektivi sərgini ziyarət etmişdir.