logo

"Azərsu" ASC-də aparılan elmi-tədqiqat işləri Türkiyə və ABŞ-da maraqla qarşılanmışdır


Yaradılıb: 11-10-2013 15:42

     

   “Azərsu” Açıq Səhmdar Cəmiyyətində su təchizatı və kanalizasiya sektorunda elmi yeniliklərin və yeni texnologiyaların mənimsənilməsi və tətbiqinə xüsusi  diqqət yetirilir. Səhmdar Cəmiyyətdə çalışan elmi işçilər və mütəxəssislər mütəmadi olaraq beynəlxalq elmi konfrans və simpoziumlara dəvət alır və bu tədbirlərdə səmərəliləşdirici təkliflərlə çıxış edirlər.   

   09-11 sentyabr 2013-cü il tarixdə Türkiyənin İstanbul şəhərində 9-cu “Elektroenergetikanın texniki və fiziki problemləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 300-dən çox nümayəndənin iştirak etdiyi konfransda  “Azərsu” ASC-ni Elm, texnika və strateji araşdırmalar şöbəsinin aparıcı mühəndisi, fizika-riyaziyyat elmləri namizədi Elçin Qurbanov təmsil etmişdir. Konfransda elektroenergetikanın mövcud vəziyyəti və aktual problemləri haqqında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Konfransın “Yeni texnologiyalar” bölməsində “Su mühitində tac və qığılcım qaz boşalmaları” mövzusunda təqdimatla çıxış edən E.Qurbanov içməli və tullantı sularının zərərsizləşdirilməsində impuls metodların əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, su mühitində yüksək gərginlikli qısamüddətli impulsların təsiri ilə

müxtəlif fiziki proseslər nəticəsində (elektroliz, ozon, ultra-bənövşəyi şüalanma, termoionlaşma, zərbə dalğaları və s.) suda olan zərərli bakteriyalar və viruslar zərərsizləşdirilə bilər. Təqdim olunan impuls  və plazma texnologiyası içməli su və tullantı sularının müxtəlif mərhələlərində xlorlaşma prosesini tamamilə və ya qismən əvəz edə bilər. Hazırda bütün dünyada enerjiyə qənaət və ekoloji təmizlik baxımından belə elmi-tədqiqat işlərinə böyük əhəmiyyət verilir.

  E.Qurbanov 30 sentyabr – 04 oktyabr 2013-cü il tarixində ABŞ-ın  Prinston şəhərində keçirilmiş  66-cı “Qazlarda elektron prosesləri” adlı beynəlxalq konfransda iştirak etmişdir. Müxtəlif ölkələrdən 400-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə elmi-tədqiqat işləri haqqında məruzələr dinlənilmişdir. E.Qurbanov konfransın “Mayelər” bölməsində “Su mühitində qısa müddətli impuls elektrik boşalmalarının təsiri zamanı reallaşan plazma prosesləri” mövzusunda təqdimatla çıxış etmişdir.

    Hər iki konfransda böyük maraqla qarşılanan təqdimatın materialları məqalələr toplusuna daxil edilmişdir. Eyni zamanda ABŞ-ın “Dreksel” Universitetinin Plazma İnstitutunun rəhbərliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyətində aparılan yeni elmi-tədqiqat işlərinə maraq göstərmiş və bunun nəticəsi olaraq iki təşkilat arasında gələcək əməkdaşlığa dair razılıq əldə olunmuşdur.