logo

Maliyyə hesabatlarının beynəlxalq standartlarının tətbiqi yüksək qiymətləndirilmişdir


Yaradılıb: 10-10-2013 14:59

   

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi sahəsində daha bir uğur qazanmışdır. Bakı şəhərində keçirilmiş “Daxili nəzarət və risklərin idarə olunması” mövzusunda  Mühasiblərin və Auditorların IV Avrasiya Forumunda Səhmdar Cəmiyyətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçid istiqamətində  əldə  olunan nailiyyətləri yüksək qiymətləndirilmişdir.

Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun Azərbaycanda rəsmi nümayəndəsi, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Auditorlar Palatası ilə birgə təşkil etdiyi tədbirdə  Avropa və Asiya ölkələrindən müxtəlif dövlət qurumlarının nümayəndələri və nüfuzlu təşkilatlarının təmsilçiləri iştirak etmişdir.

Forumda çıxış edən "Azərsu" ASC-nin iqtisadi məsələlər üzrə sədr müavini Mahir Məmmədov Səhmdar Cəmiyyətdə daxili nəzarət və risklərin idarə olunması mexanizminin təşkili istiqamətində görülən işlər barədə məlumat vermişdir. M.Məmmədov bildirmişdir ki, 2012-ci ildən başlayaraq “Azərsu” ASC-də Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi istiqamətində zəruri texniki və təşkilatı işlər həyata keçirilmişdir: “Hazırda  əsas diqqət bu sahə üzrə kadrların bilik və təcrübəsinin artırılmasına yönəlmişdir. Beynəlxalq standartlarda baş vermiş yeniliklərlə və xarici təcrübə ilə tanışlıq  məqsədilə mütəxəssislərimiz mütəmadi olaraq  konfrans, seminar və treninqlərdə iştirak edir. Mütəxəssislərimiz beynəlxalq standartlar üzrə  ilkin (baza) biliklərin tədrisindən başlayaraq mərhələlərlə daha yüksək səviyyəli təlimlərə cəlb olunurlar”.

Səhmdar Cəmiyyətdə beynəlxalq maliyyə hesabatları standartlarının tətbiqi və kadr siyasətinin həyata keçirilməsi sahəsində qazanılan uğurlar tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir. “Azərsu” ASC-nin sədr müavini M.Məmmədov Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) “İlin Maliyyə Meneceri” nominasiyası üzrə mükafatına layiq görülmüşdür.

 

   Qeyd edək ki, 05-09 noyabr 2012-ci il tarixlərində London şəhərində Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun (İCFM) təşkilatçılığı ilə keçirilmiş Mühasib və maliyyə menecerlərinin beynəlxalq konfransında  “Azərsu” ASC Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçidi uğurla aparan və müvafiq kadr hazırlığı prosesini fəal davam etdirən şirkət kimi ən yüksək mükafata layiq görülmüşdür.