logo

Sumqayıt şəhərinin içməli su təchizatı daha da yaxşılaşacaqdır


Yaradılıb: 04-10-2013 15:35

  Respublikamızın böyük sənaye mərkəzi olan Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatı daha da yaxşılaşacaq.  Oktyabrın 3-də Sumqayıt şəhərinə səfəri çərçivəsində şəhər ictimaiyyətinin  nümayəndələri ilə görüşən Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı məqsədi ilə kompleks layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır. Dövlət başçısı qeyd etmişdir ki, Taxtakörpü Su Anbarının tikintisi və Taxtakörpü-Ceyranbatan kanalının açılışı nəticəsində Sumqayıtın içməli su təchizatı daha da yaxşılaşacaqdır:  “Bu gün şəhər sakinlərinin 83 faizi fasiləsiz təmiz içməli su ilə təmin edilir. Bu məsələlərin bir hissəsi öz həllini tapıbdır. Ancaq şəhər əhalisi artacaq, burada yeni müəssisələr yaradılacaq, ona görə içməli və texniki suya tələbat daha da böyük olacaqdır”.

Qeyd edək ki, 2011-2013-cü illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt şəhərinin su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata  keçirilmişdir. İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə şəhərin mövcud su təchizatı sistemlərində kompleks  yenidənqurma işləri aparılmışdır. Bu məqsədlə ümumi uzunluğu 45,3 km su xətləri çəkilmiş və dəyişdirilmişdir. Bununla da məhdud rejimdə su alan ərazilərə 24 saat içməli suyun verilməsi təmin edilmiş, 287 çoxmərtəbəli yaşayış binasının su təchizatı fasiləsiz rejimə keçirilmişdir. 310 min nəfər əhalisi olan Sumqayıt şəhərində və ətraf qəsəbələrdə 95 mindən çox sakinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır.