logo

Qusar rayonunun Hil kəndinə yeni mənbədən içməli su verilmişdir


Yaradılıb: 02-10-2013 17:10

      

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri ilə yanaşı, regionlarda  da əhalinin içməli su təchizatının yaxşılaşdırılması  məqsədi ilə təxirəsalınmaz tədbirləri davam etdirir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində genişmiqyaslı işlər həyata keçirilir. İçməli su çatışmazlığından əziyyət çəkən kəndlərdə su təchizatının yaxşılaşdırılması məqsədi ilə növbəti layihə Qusar rayonunun Hil kəndində  icra edilmişdir. Oktyabrın 2-də Hil kəndinə yeni mənbədən içməli suyun verilməsi mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov Hil kəndində uzun illərdir içməli su probleminin  olduğunu qeyd etmiş, “Azərsu” ASC tərəfindən həyata keçirilmiş layihənin böyük nailiyyət olduğunu diqqətə çatdırmışdır. Ş.Alxasov hazırda Qusar şəhərinin və ətraf kəndlərin içməli su təchizatının yaxşılaşdırılması  məqsədi ilə yeni layihənin icra olunduğunu da bildirmişdir.

  “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov içməli su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrində yeni infrastrukturların yaradıldığını bildirmiş və icrası başa çatmış layihələrin əhalinin sosial rifahının  yaxşılaşmasına  töhfələr verdiyini diqqətə çatdırmışdır: “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq içməli su problemi müşahidə olunan kəndlərdə təxirəsalınmaz tədbirlər görülür. Möhtərəm Prezident İlham Əliyev hər bir yaşayış məntəqəsinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasını prioritet kimi müəyyənləşdirmişdir. Ucqar dağ kəndlərində belə layihələrin həyata keçirilməsi xüsusi olaraq diqqətdə saxlanılır. Qusar rayonunun Hil kəndində vaxtilə yaradılmış su təchizatı sistemləri istismara yararlı olmadığından burada yeni infrastrukturun yaradılması qərara alınmışdır. Qısa müddətdə tikinti-quraşdırma işlərini başa çatdırdıq və kəndə yeni mənbədən içməli suyun verilməsini təmin etdik. İndi kəndin bir hissəsi mövcud şəbəkə ilə su alır. Gələcəkdə kənddaxili şəbəkə yaradılacaq və hər bir evə birləşmə veriləcəkdir. Bu gün Azərbaycan hökumətinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdiridiyi layihə çərçivəsində “Azərsu” ASC-nin sifarişi əsasında Qusar şəhəri və ətraf 7 kəndin su təchizatı sistemləri yenidən qurulur və bu işlər gələn il başa çatdırılacaqdır”. 

 Uzun illərdir əsasən arx sularından istifadə etdiklərini vurgulayan kənd sakinləri içməli su probleminin həlli kimi xeyirxah təşəbbüsün reallaşmasına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişlər.

“Qusar rayonunun Hil  kəndinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi” 5406 sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmışdır.  Kəndi fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək məqsədi ilə yeni su mənbəyi seçilmiş və Hil çayının hövzəsində 85 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu tikilmişdir. Bununla yanaşı, əvvəlki su mənbələri - Ağac emalı zavodunun ərazisindəki kaptaj tipli qurğu və Yunisbənd bulaq drenaj tipli qurğusu da bərpa edilmişdir. Su mənbələrindən müxtəlif diametrli polietilen borularla 11250 metr uzunluğunda magistral su xətləri çəkilmiş və uzunluğu 5 km olan kənddaxili mövcud şəbəkəyə birləşdirilimişdir.

Qeyd edək ki, Hil kəndinin su təchizatı sistemi ötən əsrin 50-80-ci illərində yaradılmışdır. Kəndin əvvəlki su mənbələri Ağac emalı zavodunun ərazisindəki kaptaj tipli qurğu və Yunisbənd bulaq tipli drenaj qurğusu yararsız vəziyyətə düşdüyündən uzun illərdir istismar edilmirdi. Kəndi içməli su ilə təmin edən 30 km uzunluğunda magistral su xətləri və su anbarları istismara yararsız vəziyyətə düşmüşdür. Buna görə də kənd sakinləri arx sularından istifadə edir və ya içməli suyu Qusar şəhərindən maşınlarla gətirirdilər.