logo

Prezident İlham Əliyev: "Su ehtiyatlarından səmərəli istifadə strateji əhəmiyyətli məsələdir."


Yaradılıb: 30-09-2013 14:22

 

Sentyabrın 28-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimində iştirak etmişdir.

Dövlət başçısının tapşırığına uyğun olaraq su anbarı və su elektrik stansiyası Azərbaycan Respublikası Dövlət Neft Fondundan ayrılan vəsait hesabına tikilmişdir. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilomet, ümumi su tutumu 270 milyon kubmetr, gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir.

Prezident İlham Əliyev su elektrik stansiyasını işə salmışdır. Bununla da Taxtakörpü-Ceyranbatan kanalına suyun verilməsinə başlanmışdır.

Dövlət başçısı Taxtakörpü Su Elektrik Stansiyasının dispetçer otağı ilə tanış olmuşdur. Prezident İlham Əliyevə stansiyanın iş rejimi barədə məlumat verilmişdir.  Bildirilmişdir ki, ən müasir standartlara cavab verən su elektrik stansiyasında ümumi gücü 25 meqavat olan üç hidroaqreqat quraşdırılmışdır. Taxtakörpü su anbarında toplanan sudan elektrik enerjisinin alınması ilə yanaşı, içməli, texniki və suvarma suyu kimi də istifadə olunur.

 

 

 

 

 Daha sonra Prezident İlham Əliyev melioratorlar, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonları ictimaiyyətinin nümayəndələri və bu bölgəni təmsil edən sahibkarlarla görüşmüşdür. Tədbirdə çıxış edən  Prezident İlham Əliyev Taxtakörpü su anbarının istifadəyə verilməsinin və Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının tarixi nailiyyət olduğunu bildirmişdir:  “Taxtakörpü su anbarının, Şəmkirçay su anbarının və suvarma sisteminin yaradılması nəticəsində biz 2 ildən sonra 250 min hektar yeni torpaq sahələri əldə edəcəyik. Bu, tarixi bir nailiyyət olacaqdır. Bu layihələrin icrası, eyni zamanda, ölkəmizin su təhlükəsizliyini də təmin edir. Bu məsələlərə də biz daim diqqət göstəririk. Çünki ölkəmizi qidalandıran əsas su mənbələri Azərbaycanın hüdudlarından kənarda formalaşır. Ona görə su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq strateji əhəmiyyətli bir məsələdir. Taxtakörpü su anbarının yaradılması ilə biz bu strateji hədəfə çatırıq.

İndi hər bir şəhərdə içməli su layihələri icra edilir. Bəzi şəhərlərdə istismara verilmişdir, bəzi şəhərlərdə davam etdirilir. Subartezian quyularının qazılması prosesi gedir. Bir neçə ay bundan əvvəl mənim Sərəncamımla bu məqsədlə 6 milyon manat vəsait ayrılmışdır ki, 104 kənd artıq bu layihə ilə əhatə ediləcəkdir. Mənim Sərəncamımda kəndlər adbaad göstərilmişdir ki, o kəndlərdə yaşayan soydaşlarımız bilsinlər, onların kəndində bu quyu qazılacaq və beləliklə, onların su problemləri həll ediləcəkdir”.