logo

“Yay məktəbi” proqramı uğurla başa çatmışdır


Yaradılıb: 25-09-2013 13:41

     

  “Azərsu” ASC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında “Təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair” müqaviləyə uyğun olaraq Səhmdar Cəmiyyətdə təşkil olunmuş “Yay məktəbi” proqramı uğurla başa çatmışdır.  Təxminən 2 ay davam edən proqram çərçivəsində universitetin meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisası üzrə təhsil alan 20 nəfər tələbə “Azərsu” ASC-nin müəssisə və təşkilatlarında istehsalat prosesləri ilə əyani tanış olmuşlar.

   Proqram çərçivəsində  I və II  Bakı su kəmərləri,  Kür sutəmizləyici qurğular kompleksi, “H.Z.Tağıyev  adına Su Kəmərləri” İdarəsinin  nasos stansiyaları, Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan sutəmizləyici qurğular kompleksi, Hövsan Aerasiya Stansiyası və digər müəssisələrə səfərlər təşkil olunmuşdur. İstehsalat sahələrində tələbələrə  su kəmərlərinin qidalanma mənbəyi və prosesləri, suyun keyfiyyəti, nəqli və digər məsələlərlə bağlı ətraflı məlumat verilmişdir. Səfər çərçivəsində tələbələri müşayiət edən “Azərsu” ASC-nin mütəxəssisləri onları maraqlandıran suallar cavablandırmışdır.

   İlk “Yay məktəbi” proqramının yekunları ilə əlaqədar “Azərsu” ASC-də tələbələrlə görüş keçirilmişdir.  Tədbirdə qeyd olunmuşdur ki, istehsalat sahələri ilə tanışlıq tələbələrdə böyük təəssürat yaratmış, onlar geniş təcrübi biliklərə yiyələnmişlər. Proqramdan əvvəl və sonra keçirilmiş qiymətləndirmənin nəticələri müqayisə edilmiş, istehsalat prosesləri ilə əyani tanışlığın tələbələrin bilik səviyyələrinə müsbət təsir etdiyi bildirilmişdir.

    Qeyd edək ki, hər il keçiriləcək “Yay məktəbi” proqramına AzMİU-nun II-IV kurs tələbələri cəlb olunacaq. Təhsili müvəffəqiyyətlə başa vuran,  təcrübi biliklərə malik məzunlar Səhmdar Cəmiyyətin müxtəlif idarə və təşkilatlarında işə qəbul ediləcəklər.