logo

"Azərsu" ASC-də Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 11-09-2013 13:35

   

   Sentyabrın 11-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının icraçı direktoru Antoni Beykerin başçılıq etdiyi  nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Görüşdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Asiya İnkişaf Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrində iştirakını yüksək qiymətləndirmişdir. Səhmdar Cəmiyyətin sədri  “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində işlərin keyfiyyətli icrasının təmin edilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırmışdır.  

Asiya İnkişaf Bankının icraçı direktoru Antoni Beyker  “Su təchizatı və kanalizasiya xidmətləri” layihəsinin icrası ilə yaxından tanış olduğunu qeyd edərək  bildirmişdir ki, bu layihə tezliklə istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir.

Görüşdə layihənin icra vəziyyəti və maliyyələşmə məsələləri ətrafında  müzakirələr aparılmışdır.

Qeyd edək ki, Azərbaycan hökumətinin  Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş, Beyləqan, Ağcabədi və Balakən şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Bu layihələr çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində tikinti-quraşdırma işləri davam etdirilir. Ağcabədi və Balakən şəhərlərində isə layihənin icrasına hazırlıq işləri görülür.