logo

Yardımlı rayonunda 15 kəndin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına başlanmışdır


Yaradılıb: 09-09-2013 15:09


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində  bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. 2013-cü ilin avqust ayında Yardımlı rayonunun içməli su çatışmazlığından əziyyət çəkən 15 kəndində su təchizatı sistemlərinin yaradılması layihəsinin icrasına başlanmışdır.

Layihə rayonun Osnakəran, Bürzünbül, Vərgədüz, Əngövül, Vərov, Yolacaq, Separadi, Keçələkəran, Bilnə, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərində 12 min nəfərin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsini nəzərdə tutur. Qeyd edək ki,  hazırda bu kəndlərin sakinləri içməli suyu böyük çətinliklərlə uzaq məsafədən müxtəlif vasitələrlə daşıyırlar.

Həyata keçirilən yeni layihəyə əsasən kənd sakinləri mərkəzləşmiş qaydada içməli su ala biləcəklər. Kəndlərə içməli su Sineyir çayı hövzəsindəki bulaqlardan veriləcəkdir. Bu məqsədlə mənbədən yaşayış məntəqələrinə  müxtəlif diametrli borularla 8 km uzunluğunda magistral su xətti çəkiləcəkdir. Layihənin icrasına başlanandan indiyədək magistral xəttin 5 km-lik hissəsində tikinti-quraşdırma işləri yekunlaşmışdır.

Kənd sakinlərini özüaxımlı rejimdə içməli su ilə təmin etmək üçün hər birinin tutumu 500 kubmetr olan 2 ədəd əsas, həmçinin kəndlərin tələbatından asılı olaraq müxtəlif həcmlərdə bir neçə kiçik su anbarı tikiləcəkdir. İlkin mərhələdə kəndlərdə bulaqlar quraşdırılacaq, növbəti mərhələdə kənddaxili paylayıcı şəbəkə qurulacaqdır. Layihə üzrə işlərin 2014-cü ildə başa çatdırlması nəzərdə tutulur.