logo

İmişli şəhərinin su təchizatının yenidən qurulması layihəsi yekunlaşmaq üzrədir


Yaradılıb: 27-06-2013 16:21

      

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində İmişli şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.

   İcrasına 2011-ci ilin sentyabrında başlanmış “İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi” üzrə işlərin böyük hissəsi başa çatmışdır. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 45,5 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə İmişli şəhəri ilə yanaşı, Beyləqan rayonun Əhmədli kəndini də əhatə edəcək.  

  İstehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi Beyləqan rayonu Aşıqallılar kəndi yaxınlığındakı ərazidə yerləşən yeraltı sular seçilmişdir. Burada 5 ədəd  subartezian quyusu qazılmış və quyu zonasından İmişli şəhərinə 630 mm olan diametrli borularla 29,5 km uzunluğunda magistral su xətti çəkilmiş,  ümumi tutumu  6500 kubmetr olan 2 ədəd su anbarı tikilib istifadəyə verilmişdir. Yeni tikilmiş xlorator qurğusu  və  laboratoriya binasında son tamamlama işləri aparılır.   

   Layihə çərçivəsində İmişli şəhərinin su təchizatı və kanalizasiya şəbəkələri də yenidən qurulur.  Ümumi uzunluğu 167 km olan şəhərdaxili su şəbəkəsinin 159 km-lik hissəsi çəkilərək ünvanlara birləşmələr verilmişdir. İndiyədək 8950 abunəçinin 3293-ü smart-kart tipli sayğacla təmin olunmuşdur. Ümumilikdə İmişli şəhərinin su təchizatı ilə bağlı layihədə nəzərdə tutulan işlərin böyük əksəriyyəti yekunlaşmışdır, cari ilin iyul ayında su şəbəkəsinin yenidən qurulması üzrə işlər tam başa çatdırılacaqdır.

  İmişli şəhərində yaranacaq çirkab suların axıdılması üçün ümumi uzunluğu 125 km olan kanalizasiya şəbəkəsinin, 15,7 km uzunluğunda mikrotunel tipli  kanalizasiya kollektorunun tikintisi davam etdirilir.  Gələcəkdə tullantı suları şəhərin kənarında tikiləcək çirkab su təmizləyici qurğuya ötürüləcəkdir.