logo

Biləsuvar şəhərində su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir


Yaradılıb: 14-06-2013 15:45

      

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirləri  davam etdirir. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşmışdır.

İcrasına 2011-ci ilin  sentyabrında başlanmış “Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi”nə əsasən Biləsuvar şəhərinə içməli su hazırda inşa edilən Şirvan-Muğan qrup su kəmərindən veriləcək. Şirvan-Muğan qrup su kəməri istismara verilənədək  Biləsuvar şəhərində su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri tam başa çatdırılacaq. Biləsuvar şəhərinin fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün hər birinin tutumu 5 min kubmetr olan 2 ədəd su anbarı tikilir. Layihəyə uyğun olaraq inşası nəzərdə tutulan 54,8 km magistral su xəttinin  30,3 km-lik hissəsi çəkilmişdir. Şəhərin içməli su şəbəkəsinin tikintisi yekunlaşmaq ərəfəsindədir. Ümumi uzunluğu 110 km olan şəhərdaxili su şəbəkəsinin 106 km-lik hissəsi çəkilərək ünvanlara birləşmələr verilmişdir.

Layihəyə əsasən Biləsuvar şəhərində ilk dəfə olaraq kanalizasiya sistemi yaradılacaq. Bu məqsədlə inşa olunan 9,5 km uzunluğunda kanalizasiya kollektorunun 8,8 km-lik hissəsi çəkilmiş, 76,8 km kanalizasiya şəbəkəsi yaradılmışdır. Layihəyə əsasən, Biləsuvar şəhərində toplanacaq tullantı suları yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcəkdir.

İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi ilə smart-kart tipli sayğacların quraşdırılması da davam etdirilir və indiyə qədər 5600 abunəçinin 2420-i sayğacla təmin olunmuşdur.

Hazırda Biləsuvar şəhərinə içməli su Əzizbəyov adına kanaldan qrafik əsasında verilir. Şəhərdə kanalizasiya sistemi mövcud deyil. Yeni layihənin icrası nəticəsində  2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 26,2 min nəfərin içməli su təchizatı  və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaqdır. Layihə üzrə işlərin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

 Bununla yanaşı, Şirvan-Muğan qrup su kəmərinin tikintisi layihəsi çərçivəsində  kəmərin marşrutu boyunca  Biləsuvar rayonunun 23 kəndinə içməli su veriləcəkdir.