logo

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 12-06-2013 13:53

   

   İyunun 12-də  “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) Qafqaz, Şərqi və Mərkəzi Asiya idarəsinin Mərkəzi Asiya və Qafqaz departamentinin direktoru  Tetsuyu Yamadanın başçılıq etdiyi nümayəndə  heyəti  ilə görüş keçirilmişdir.

    “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən  infrastruktur layihələrində Yaponiya hökumətinin və şirkətlərinin yaxından iştirak etdiyini bildirmiş, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirmişdir. “Azərsu” ASC-nin sədri “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi”  çərçivəsində işlərin uğurla icra edildiyini vurğulamış və əlavə etmişdir ki, yaxın vaxtlarda daha bir rayon mərkəzində - Qobustan şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üzrə işlərə başlanılacaqdır.

    “Azərsu” ASC ilə əməkdaşlıqdan məmnunluğunu bildirən nümayəndə heyətinin rəhbəri Tetsuyu Yamada təmsil etdiyi qurumun su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə bundan sonra da dəstək verəcəyini bildirmişdir.

    Görüşdə  “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi”nin icra vəziyyəti və maliyyələşmə ilə bağlı məsələlər müzakirə edilmişdir.

    Qeyd edək ki, Azərbaycan  hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi  “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində 5 şəhər və rayon mərkəzində (Qusar, Xaçmaz, Xızı, Qobustan,  Naftalan) su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaqdır.  Qusar, Xaçmaz, Xızı və Naftalan şəhərlərində layihənin icrasına başlanmış və hazırda tikinti işləri davam etdirilir.