logo

Almaniyanın KfW bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 06-06-2013 15:06

 

Almaniyanın KfW bankının (Almaniya İnkişaf Bankı) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Eva Vittin rəhbərliyi ilə bankın missiyası Azərbaycanda səfərdədir. Azərbaycan Respublikası hökuməti ilə bankın birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II”  layihəsinin icrası məsələlərini müzakirə etmək məqsədi ilə iyunun 6-da “Azərsu” ASC-də bankın nümayəndə heyəti ilə görüş keçirilmişdir.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkədə həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə qonaqlara məlumat vermiş, bu sahədə beynəlxalq maliyyə qurumları, o cümlədən Almaniya İnkişaf Bankı ilə uğurlu əməkdaşlıq edildiyini diqqətə çatdırmışdır.

Almaniyanın KfW bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Eva Vitt bu əməkdaşlığı yüksək qiymətləndirərək təmsil etdiyi qurumun  Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına bundan sonra da dəstək verəcəyini diqqətə çatdırmışdır.

Görüşdə Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin vəziyyəti və növbəti  mərhələdə həyata keçiriləcək tədbirlər və maliyyələşmə məsələləri müzakirə edilmişdir.

 Azərbaycan hökuməti ilə Almaniyanın KfW bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Layihənin birinci mərhələsi çərçivəsində Gəncə və  Şəki şəhərində su mənbəyinin bərpası, magistral xətlərin və su anbarlarının tikintisi işləri həyata keçirilmişdir.

 

 20 dekabr  2012-ci il tarixdə  “Açıq Kommunal İnfrastruktur Proqramı II”  üzrə imzalanmış sazişlərə əsasən  bank  Gəncə və Şəki şəhərlərində layihənin 2-ci və 3-cü  mərhələlərinin maliyyələşdirilməsi üçün 102 milyon avro (100 mln avro kredit, 2 mln avro qrant) ayırmışdır. Bu vəsaitin 43 milyonu Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya şəbəkələrinin bərpasına, 57 milyonu hər iki şəhərdə çirkab sutəmizləyici qurğuların inşasına sərf olunacaqdır. 2 milyon avro məbləğində qrant isə Gəncə və Şəki Sukanal idarələrinin 2 il müddətinə idarə olunmasına yönəldiləcəkdir. Layihənin icrası tam başa çatdıqdan sonra hər 2 şəhərdə ümumilikdə 500 min nəfər sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaqdır.