logo

"Azərsu" ASC-də Memarlıq və İnşaat universitetinin tələbələri ilə görüş keçirilmişdir


Yaradılıb: 05-06-2013 15:20

    

   İyunun 5-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim və tələbələri ilə görüş keçirilmişdir.  Tədbiri açıq elan edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov  Azərbaycanın təhsil sistemində xüsusi yeri olan  Memarlıq və İnşaat Universitetinin  inşaat mühəndisliyi üzrə kadrların hazırlanmasında böyük təcrübəsi olduğunu xatırladaraq, təhsil və təcrübə sahəsində qarşılıqlı əməkdaşlığın uğurlu nəticələr verəcəyini vurğulamışdır.

 

    “Azərsu” ASC-nin sədri bildirmişdir ki, əhalinin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiyanın tərkib hissəsidir. Ölkə əhalisinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması məqsədi ilə 2011-ci ildən başlayaraq Bakı şəhəri və ətraf qəsəbələrdə, eyni zamanda regionlarda kompleks tədbirlər həyata keçirilir. Hazırda 38 şəhər və rayon mərkəzində, həmçinin 350-dək kənddə layihələr icra edilir. Bakı şəhərinin 2035-ci ilədək perspektiv inkişafı nəzərə alınmaqla hazırlanmış Master Plana əsasən, paytaxtda və Abşeron yarımadasında içməli su, tullantı və yağış suları üzrə yeni infrastrukturlar yaradılacaq: “Tikinti işlərinin beynəlxalq standartlara uyğun və keyfiyyətlə aparılması, burada quraşdırılan avadanlıqların normal istismar edilməsi üçün yüksək ixtisaslı və peşəkar kadrlara ehtiyac böyükdür.  Biz yüksək ixtisaslı kadrların hazırlanmasında Memarlıq və İnşaat Universitetin imkanlarından maksimum istifadə etmək niyyətindəyik. Təhsildə fərqləndiklərinə görə universitetin 42 tələbəsinə Təqaüd Proqramı çərçivəsində 100, 85 və 70 manat məbləğində təqaüd veriləcək.  “Yay məktəbi” çərçivəsində tələbələr mülki müqavilə əsasında işə cəlb olunacaq. İstehsalat təcrübəsi keçmək üçün universitetin  2-ci və 3-cü kurs tələbələri “Azərsu” ASC-nin müəssisə və qurğularına göndəriləcəklər”. 

    AzMİU-nun prorektoru Arif Şərifov “Azərsu” ASC-nin çoxşaxəli fəaliyyətinə toxunaraq bu sahədə təcrübəli mühəndislərə böyük ehtiyac olduğunu qeyd etmiş və bildirmişdir ki, universitetin mühəndis kadrların hazırlanmasında böyük təcrübəsi var: “Təbii ki, nəzəri bilikləri təkmilləşdirmək üçün təcrübə keçmək, istehsalat sahələrində olmaq vacibdir. İstehsalatla sıx əlaqəqənin yaradılması və təcrübə mübadiləsinin aparılması baxımından “Azərsu” ASC ilə əməkdaşlıq universitetimiz üçün faydalı olacaqdır”.

    Daha sonra “Azərsu” ASC-nin rəhbərliyi tələbələri maraqlandıran sualları cavablandırmışdır. Səhmdar Cəmiyyətin sədri qaldırılan məsələlərə diqqətlə yanaşılacağını qeyd etmiş, gənclərə təhsil və ictimai fəaliyyətdə uğurlar arzulamışdır.

    Xatırladaq ki, 19 dekabr 2012-ci il tarixində “Azərsu” ASC ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) arasında “Təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair” müqavilə imzalanmışdır. Müqavilə “Azərsu” ASC-nin müvafiq ixtisaslı mütəxəssislərlə  təmin olunması, işçilərin peşəkarlığının artırılması, təhsil, elm, istehsalat sahələrində qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini nəzərdə tutur.