logo

Kürdəxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin təməli qoyulmuşdur


Yaradılıb: 31-05-2013 14:44

      

  “Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə həyata keçirdiyi "Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması" layihəsinin icrasına başlanmışdır. Mayın 31-də Kürdəxanı qəsəbəsində layihə üzrə təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov,  Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in, KOİCA-nın  Azərbaycan üzrə nümayəndəsi xanım Kim Eun Suk,  Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

   Təməlqoyma mərasimi açıq elan edildikdən sonra çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkə əhalisinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasını möhtərəm Prezident İlham Əliyevin diqqətdə saxladığını xatırladaraq qeyd etmişdir ki, hazırda respublikanın 38 şəhər  və rayon mərkəzində, həmçinin 350-dən artıq kəndində layihələr icra olunur. Bakı şəhəri və ətraf qəsəbələrdə də  içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri uğurla davam etdirilir: “Bu gün daha bir qəsəbədə - Kürdəxanıda yeni layihənin icrasına başlanılır. Koreya tərəfi ilə birgə reallaşdıracağamız layihə qəsəbədə  mövcud problemin həllinə kömək edəcək və gələn ilin sonunda qəsəbə sakinləri mərkəzləşmiş qaydada içməli su ilə təmin olunacaqlar. Növbəti mərhələdə su təchizatı və kanalizasiya sahəsində işlərin tam başa çatlırılması üçün layihələr həyata keçirəcəyik. Ümumiyyətlə Bakıətrafı qəsəbələrdə işlər kompleks şəkildə həyata keçirilir. Hazırda inşası davam etdirilən Ceyranbatan-Pirallahı magistral su xətti istismara verildikdən sonra Abşeron yarımadasının şərq hissəsində yerləşən qəsəbələr mərkəzləşmiş qaydada içməli su ilə təmin olunacaq, təqribən 1 milyon nəfərin su təchizatı yaxşılaşacaqdır”.

   KOİCA–nın Azərbaycan üzrə nümayəndəsi xanım Kim Eun Suk layihə haqqında məlumat verərək bildirmişdir ki, 2011-ci ilin oktyabrında Azərbaycan hökuməti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında layihənin maliyyələşdirilməsi üçün Qrant Sazişi imzalanmışdır: “Bu işlərin görülməsi üçün Koreya hökuməti 26,18 milyon ABŞ dolları məbləğində qrant ayırmışdır. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Kürdəxanı qəsəbəsində 26250 nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb”.

   Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in çıxış edərək Azərbaycan və Koreya arasında iqtisadi, siyasi və mədəni əlaqələrin dinamik inkişaf etdiyini yüksək qiymətləndirmişdir. Səfir təmsil etdiyi ölkənin  Azərbaycanda həyata keçirilən layihələrin icrasında yaxından iştirak edəcəyinə və dəstəyini əsirgəməyəcəyinə əminliyini ifadə etmişdir.

  Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev  su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasının qəsəbənin sosial-iqtisadi inkişafına töhfə verəcəyini qeyd etmiş, Bakı şəhərinin ətraf kənd və qəsəbələrinə göstərilən diqqət və qayğıya görə yerli sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.

        

    Daha sonra layihə üzrə işlərin başlandığını bildirən ilk boru xəndəyə endirilmişdir.

  Layihəyə əsasən, qəsəbədə  polietilen borularla 89,4 km uzunluğunda içməli su xətti çəkiləcək, 2329 ünvana birləşmə veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq, 417 yanğın hidrantı quraşdırılacaqdır. İlkin mərhələdə qəsəbəyə içməli su mövcud Ceyranbatan-Maştağa  magistral xəttindən veriləcəkdir. Gələcəkdə qəsəbə yaxınlığında hər birinin tutumu 4000 kubmetr olan 2 ədəd su anbarı tikiləcək, bu anbarlar hazırda inşa edilən Ceyranbatan-Balaxanı kəmərindən qidalanacaqdır.

   Layihə çərçivəsində 3,8 km uzunluğunda kanalizasiya kollektorunun və 1,4 km uzunluğunda mikrotunelin inşası da nəzərdə tutulur. Tikinti işlərinin 2014-cü ilin  sonuna qədər başa çatdırılması planlaşdırılır.

  Bundan başqa, Azərbaycan hökumətinin vəsaiti hesabına qəsəbə ərazisində 77,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaqdır. Toplanacaq tullantı suları gələcəkdə Pirşağıda tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcək. Məhsuldarlığı sutkada 40 min kubmetr olacaq qurğu da Koreya tərəfinin ayıracağı kredit hesabına inşa ediləcəkdir.

  Xatırladaq ki, Kürdəxanı qəsəbəsinin su təchizatı şəbəkəsi ötən əsrin 50-ci illərində yaradılmış, 1980-90-cı illərdə yenidənqurma və genişləndirmə işləri aparılmışdır. Qəsəbənin genişlənməsi və sakinlər tərəfindən fərdi şəkildə yaradılmış su şəbəkəsi normal su təchizatının həyata keçirilməsinə  imkan vermir. Su şəbəkəsi olmayan ərazilərdə əhali quyu sularından istifadə edir və ya içməli suyu maşınlarla alır.  Qəsəbənin yalnız kiçik bir hissəsində kanalizasiya şəbəkəsi mövcuddur.