logo

Gənc mütəxəssisslər təlimlərdə iştirak etmək üçün Türkiyəyə göndərilir


Yaradılıb: 23-05-2013 15:12

       

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində tədbirləri davam etdirir. Gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, iş təcrübəsinin yüksəldilməsi məqsədi ilə Səhmdar Cəmiyyətin Təlim-tədris Mərkəzi tərəfindən  yerli və xarici mütəxəssislərin iştirakı ilə mütəmadi treninqlər  təşkil edilir. İnkişaf etmiş ölkələrin su təchizatı və kanalizasiya sektorundakı təcrübələrinin öyrənilməsi üçün mütəxəssislər xarici ölkələrə ezam olunaraq təlimlərdə iştirak edirlər.

   “Azərsu” ASC-nin Türkiyənin TeknoYapı şirkəti ilə əməkdaşlığı çərçivəsində 2013-ci ildə hər birində 20 nəfər olmaqla 4 qrup üzrə  mütəxəssislərin (ümumilikdə 80 nəfər) İstanbul şəhərində təşkil ediləcək təlimlərə göndərilməsi nəzərdə tutulmuşdur. Cari ilin aprel ayının 15-də tikinti və layihələndirmə  üzrə mütəxəssislərdən ibarət  ilk qrupun  İstanbul şəhərində  “Sutəmizləyici qurğuların layihələndirilməsi və tikintisi” təlimlərində iştirakı təmin edilmişdir.

   Növbəti mərhələdə mexanik və energetiklərdən ibarət qrup təlimlərdə iştirak edir. Təlim öncəsi “Azərsu” ASC-də gənc mütəxəssislərlə görüş keçirilmiş, onlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

   Təlimlər çərçivəsində “Azərsu” ASC-nin gənc mütəxəssisləri Türkiyə Su İnstitutu, İstanbul şəhər Sukanal İdarəsi və digər təşkilatlarda istehsalat sahələri ilə tanış olmaq imkanı əldə edirlər. Türkiyənin yüksək ixtisaslı alimləri və mütəxəssisləri tərəfindən təşkil edilən seminarlarda, müxtəlif istehsalat sahələrində  texnoloji proseslərin  incəlikləri əyani şəkildə izah edilir, yeni texnologiyalar barədə məlumatlar verilir.      

    “Azərsu” ASC-nin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində həyata keçirdiyi layihələr yeni texnologiyaların tətbiqi ilə icra olunur. Bu işlərin yüksək səviyyədə həyata keçirilməsi məqsədi ilə 2012-ci ildə ümumilikdə 538 mütəxəssis təlimlərə cəlb edilmişdir. Onlardan 88 nəfəri  Türkiyə, Almaniya, Yaponiya, Koreya Respublikası və Sinqapurda keçirilmiş təlimlərdə iştirak etmişdir.