logo

"Azərsu" ASC-nin əməkdaşları VII Dünya Su Forumunun hazırlıq iclasında iştirak etmişlər


Yaradılıb: 22-05-2013 13:30

             

  14-15 may 2013-cü il tarixlərində Koreya Respublikasının Tequ şəhərində VII Dünya Su Forumuna hazırlıqla əlaqədar ilk iclas keçirilmişdir. Tədbirdə iştirak etmək üçün Nazirlər Kabineti Ekologiya şöbəsinin müdiri İlyas Əlizadə, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  sədrinin xarici sərmayələr üzrə müavini İlqar Tağıyev və Elm, texnika və strateji araşdırmalar şöbəsinin rəisi Adışirin Ələkbərovdan ibarət Azərbaycan nümayəndə heyəti Koreya Respublikasında səfərdə olmuşdur.  

     UNESCO, Dünya Su Şurası və digər beynəlxalq təşkilatlarının nümayəndələrinin iştirak etdiyi iclasda 2015-ci ildə Koreyanın Tequ şəhərində keçiriləcək VII Dünya Su Foruma hazırlıq məsələləri müzakirə edilmişdir. Tədbir  iştirakçıları forumun əsas mövzuları olan su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, iqlim dəyişikliyi və su təhlükəsizliyi, içməli su təchizatı və sanitariya xidmətləri, su və ərzaq təhlükəsizliyi, yaşıl planet, su sektorunda təhsil və digər  məsələlər ətrafında fikir mübadiləsi aparmışlar. İclasda bu mövzular la bağlı müxtəlif ölkələrdə regional seminarların keçirilməsi məqsədəuyğun hesab edilmişdir. 

Azərbaycan nümayəndə heyəti  müzakirələrdə aktiv iştirak etmiş, ölkəmiz üçün aktual olan transsərhəd su problemləri, su ehtiyatlarının respublika hüdudlarından kənarda çirkləndirilməsi, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi ilə bağlı məsələlərin forumda müzakirə edilməsinin vacibliyini diqqətə çatdırmışlar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti  Dünya Su Şurasının Prezidenti Benedito Braga,  VII Dünya Su Forumunun həmsədri Soontak Lee və digər rəsmi şəxslərlə görüşlər keçirmiş, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişdirlər. Dünya Su Şurasının Prezidenti   Benedito Braga Azərbaycanda su sektorunda son illər həyata keçirilən genişmiqyaslı işləri yüksək dəyərləndirmişdir.