logo

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turniri başa çatmışdır


Yaradılıb: 06-05-2013 16:50

      

    Azərbaycan xalqının ümummilli lideri, böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində təşkil olunmuş mini-futbol turnirinə yekun vurulmuşdur. Mayın 6-da “Azərsu” ASC-də yarış qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

   Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədr müavini Mahir Məmmədov ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti,   Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən danışmış, dahi şəxsiyyətin ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına  diqqət və qayğı ilə yanaşdığını qeyd etmişdir: “Əhalinin fiziki-mənəvi sağlamlığının qorunması, idmanın inkişafı  ümummilli lider Heydər Əliyevin diqqətdə saxladığı məsələlərdən olmuşdur. Ulu öndərin respublikaya rəhbərlik etdiyi illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görmüşdür. Müstəqillik dövründə ümummilli liderin hakimiyyətə qayıdışından sonra bu sahəyə diqqət artmış, möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində idmanın inkişafında yeni mərhələ başlanmışdır. Son illər ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız müxtəlif idman növləri üzrə keçirilən turnirlərdə uğurlu nəticələr göstərirlər”.

   “Azərsu” ASC-nin Sosial inkişaf şöbəsinin rəisi Araz Əsgərov turnirin yekunları barədə məlumat verərək bildirmişdir ki, yarışda  Səhmdar Cəmiyyətin  idarə və təşkilatlarının 15 komandası,  ümumilikdə 160 nəfər iştirak etmişdir. Gərgin keçən turnirin final oyununda Nəsimi və Nizami rayon sukanal departamentlərinin komandaları qarşılaşmış və Nizami rayon Sukanal Departamentinin komandası qalib gələrək I yeri tutmuşdur. II yerdə Nəsimi, III yerdə isə Sabunçu rayon sukanal  departamentlərinin komandaları qərarlaşmışdır.

   Mərasimin sonunda turnirdə ilk 3 yeri tutan komandalar və yarışda fərqlənən iştirakçılar xüsusi mükafatlar və “Azərsu” ASC-nin diplomları ilə təltif olunmuşlar.