logo

"Azərsu" ASC-də Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 03-05-2013 14:32

     

    Azərbaycan hökuməti ilə Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi”nin icra  vəziyyəti ilə tanış olmaq məqsədi ilə Dünya Bankının nümayəndə heyəti  Azərbaycanda səfərdədir. Mayın 3-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində nümayəndə heyəti ilə görüş keçirilmişdir.

   “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın böyük tarixi olduğunu xatırladaraq bankın ölkəmizdə həyata keçirilən sosial və infrastruktur layihələrində yaxından iştirakını yüksək qiymətləndirmişdir. Səhmdar Cəmiyyətin sədri Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi”nin  icrası nəticəsində yaxın gələcəkdə Qəbələ, Şamaxı, Saatlı və Sabirabad şəhərlərində  su təchizatı və kanalizasiya sistemlərinin tamamilə yenidən qurulacağını bildirmişdir.  

    Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Dünya Bankının Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenko Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə ölkə rəhbərliyi tərəfindən böyük diqqət yetirildiyini bildirmiş, bu sahədə  görülən işləri yüksək qiymətləndirmişdir.

   Azərbaycanda səfərdə olan bankın nümayəndə heyətinin rəhbəri  Manuel Marino təmsil etdiyi qurumun  Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin uğurla icrasını təmin etmək üçün dəstəyini əsirgəməyəcəyini bildirmişdir. M.Marino qeyd etmişdir ki, layihə üzrə əlavə maliyyələşmə ilə bağlı Azərbaycan hökumətinin təklifləri Dünya Bankının Direktorlar Şurasına təqdim olunmuşdur.

   Görüşdə “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi”nin  görülən işlərin gedişi, layihələrin icrasında yeni texnologiyaların tətbiqi və maliyyə məsələləri ilə bağlı müzakirələr aparılmışdır.

   Qeyd edək ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Layihə çərçivəsində Şamaxı və  Qəbələ şəhərlərində işlərin birinci mərhələsi başa çatmış və bu mərhələdə baş su təchizatı qurğuları yaradılmışdır. İkinci mərhələ çərçivəsində bu şəhərlərdə su və kanalizasiya şəbəkələri yenidən qurulacaqdır. Sabirabad və Saatlı şəhərlərində isə su təchizatı və kanalizasiya infrastrukturunun yaradılması üzrə tikinti işlərinə hazırlıq görülür.

   Layihənin icrası nəticəsində Qəbələ, Şamaxı, Saatlı və Sabirabad şəhərlərində  və ətraf  kəndlərdə 100 mindən çox sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaqdır.