logo

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi "Azərsu" ASC-də qeyd edilmişdir


Yaradılıb: 01-05-2013 17:59

       

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar “Azərsu” ASC-nin həyata keçirdiyi Tədbirlər Planı çərçivəsində Səhmdar Cəmiyyətdə tədbir keçirilmişdir. Əvvəlcə “Azərsu” ASC-nin kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir.

   “Azərsu” ASC-də keçirilən iclas ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik   sükutla yad edilməsi ilə başlamışdır.  “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov böyük  dövlət xadimi, ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən danışmış, ulu öndərin dövlət müstəqilliyinin qorunub saxlanılması, sosial-iqtisadi inkişafda misilsiz xidmətlərindən bəhs etmişdir. Qorxmaz Hüseynov bildirmişdir ki, böyük və mənalı ömrünü xalqına həsr edən ulu öndərin  Azərbaycana rəhbərlik etdiyi illərdə böyük nailiyyətlər əldə olunmuş, iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını sosial siyasətin prioritet sahələrindən biri hesab edən ümummilli lider respublika miqyasında su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması ilə bağlı böyük layihələrin müəllifi olmuşdur: “Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəldiyi vaxtdan həm Abşeron yarımadasının, həm də bölgələrin  su təchizatının yeni salnaməsi yazılmışdır. 1970-ci illərdə Bakı şəhərinin içməli suya artan tələbatı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Kür və Ceyranbatan su kəmərlərinin tikintisi sayəsində həll edilmişdir. “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”-nin həyata keçirilməsi üçün beynəlxalq maliyyə təşkilatlarından irihəcmli güzəştli kreditlərin alınmasında  ulu öndərin şəxsiyyəti həlledici rol oynamışdır. Bakı şəhərinin su ilə təminatının yüksəldilməsinə səbəb olan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı təşəbbüsün müəllifi də ümummilli lider Heydər Əliyev olmuşdur”.

   Azərbaycanda su təchizatı və kanalizasiya infrastrukturunun yaradılması istiqamətində ulu öndərin başladığı işlərin bu gün ümummilli liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xatırladan Qorxmaz Hüseynov  hazırda dövlət başçısının  rəhbərliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin ölkənin regionlarında su və kanalizasiya layihələrinin uğurla icra olunduğunu bildirmişdir.

   Tədbirə dəvət olunmuş Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili, akademik Abel Məhərrəmov dahi şəxsiyyət Heydər Əliyevin ölkə və xalq qarşısında əvəzsiz xidmətlərindən danışaraq qeyd etmişdir ki, ölkəmizin bugünkü inkişafının təməli illər öncə ulu öndər tərəfindən qoyulmuşdur.

   Yeni Azərbaycan Partiyası   Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov çıxışında qeyd etmişdir ki,  Heydər Əliyev hər zaman xalqı və vətənini düşünmüş, dövlət müstəqilliyinin möhkəmləndirilməsi,  xalqımızın xoşbəxt gələcəyi naminə daim çalışmışdır.

    Ümummilli lider Heydər Əliyevin SSRİ kimi nəhəng bir dövlətdə rəhbər vəzifəyə təyin edilməsinin həmin dövrdə bütün türk dünyasında sevinc və qürur hissi doğurduğunu qeyd edən  Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov bildirmişdir ki, müasir Azərbaycan dövlətinin banisi və qurucusu olan ulu öndər Heydər Əliyev ölməz şəxsiyyəti və möhtəşəm dövlətçilik fəaliyyəti ilə  tarixdə özünəməxsus yer tutur: “O, müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, xalqımızın müstəqillik arzusunun həyata keçməsinə nail olmaqla yanaşı, həm də türkdilli xalqlar arasında birlik və həmrəylik uğrunda qətiyyətli və ardıcıl mübarizə aparmışdır.”  

    Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə  su təsərrüfatında çalışmış, ulu öndərin iştirak etdiyi tədbirlərin canlı şahidi olmuş  “Azərsu” ASC sədrinin  baş müşaviri Telman Ağayev xatirələrini danışmış və dahi şəxsiyyətin həyat və fəaliyyətinin gənc nəsil üçün əsl örnək olduğunu qeyd etmişdir.