logo

Smart-kart tipli su sayğaclarının tətbiqi genişləndirilir


Yaradılıb: 24-04-2013 16:56
 
 
 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara satılan içməli suyun uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılması istiqamətində tədbirləri davam etdirir.
2013-cü ilin  yanvar-mart aylarında 10764-ü əhali və 2232-i qeyri əhali qrupu abunəçiləri olmaqla ümumilikdə 12996 smart-kart sayğacın quraşdırılması təmin edilmişdir. Ümumiyyətlə 2012-ci ilin may ayından bu günədək 37 minə qədər ön ödənişli sayğac quraşdırılmışdır.
“Azərsu” ASC smart-kart sayğacların quraşdırılmasına ilkin mərhələdə Bakı, Sumqayıt və Abşeron sukanal idarə və departamentlərinin xidmət göstərdiyi ərazilərdə başlanmış və daha sonra regionlarda həyata keçirilmişdir. Su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində Quba və Zərdab şəhərlərində 7 minə qədər smart-kart sayğac quraşdırılmışdır. Yeni layihələrin icrası ilə əlaqədar yaxın vaxtlarda Göyçay, İmişli, Şamaxı, Oğuz, Zaqatala, Hacıqabul  və digər şəhərlərin də abunəçiləri smart-kart sayğaclarla təmin olunacaqlar.
01 aprel 2013-cü il tarixə “Azərsu” ASC-nin ölkə üzrə xidmət göstərdiyi 1 milyon 155 min abunəçinin  553 mindən çoxu mexaniki və smart-kart sayğaclarla təmin olumuşdur ki, bununla da sayğaclaşma səviyyəsi 48 faizə çatmışdır.
Qeyd edək ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən  əhali qrupu istehlakçılarına ön ödənişli sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.