logo

İçməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadənin qarşısının alınması üzrə tədbirlər davam etdirilir


Yaradılıb: 19-04-2013 15:38
  
 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin dəqiq uçotunun aparılması, içməli su və kanalizasiya xidmətlərindən  qeyri-qanuni istifadənin qarşısını almaq istiqamətində nəzarət tədbirlərini davam etdirir.  Ötən müddətdə bu sahədə həyata keçirilən tədbirlər müəyyən qədər müsbət nəticələr versə də, hələ də bəzi abunəçilərin içməli sudan sayğacdankənar və müqavilə bağlanmadan istifadə etməsi halları aşkarlanır. Bu cür hallara əsasən qeyri-əhali qrupu abunəçiləri yol verir və içməli sudan qanunsuz istifadəyə daha çox şadlıq evlərində, restoranlarda, hamam, camaşırxana, avtoyuma, və s. obyektlərdə  rast gəlinir.  
“Azərsu” ASC-nin Abonent İşləri departamenti və yerli sukanal  departamentlərinin əməkdaşları “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası qanunun tələblərini əsas götürməklə həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində təkcə mart ayı ərzində 140-ı Bakı şəhərində, 24-i isə müxtəlif rayonlarda olmaqla  içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 164  fakt aşkarlamışlar. Həmin faktlar aktlaşdırılmış və qiymətləndirmə nəticəsində “Azərsu”  ASC-yə dəymiş ziyan 269924 manat məbləğində müəyyən edilmişdir.
  Ümumilikdə 2013-cü ilin yanvar-mart aylarında həyata keçirlən tədbirlər nəticəsində içməli sudan və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə halları ilə bağlı 394 fakt aşkar edilmişdir. Araşdırmalar nəticəsində Səhmdar Cəmiyyətə dəymiş ziyanın məbləğı 925900 manat olmuşdur. Görülmüş tədbirlər nəticəsində bu məbləğin  363616 manatının ödənilməsi təmin edilmişdir.  
          “Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir və belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcəkdir.  İçməli sudan və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edən abunəçilərin su təchizatı qeyd-şərtsiz dayandırılacaq və  “Azərsu” ASC-yə dəymiş ziyanın həmin abunəçilər tərəfindən ödənilməsi tələb ediləcəkdir.