logo

Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 18-04-2013 16:51

        

   Aprelin 18-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının  nümayəndə heyəti ilə görüş keçirilmişdir.

  Görüşdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Asiya İnkişaf Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrində iştirakını yüksək qiymətləndirmişdir. Səhmdar Cəmiyyətin sədri  “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində işlərin keyfiyyətli icrasının təmin edilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırmışdır.  

  Asiya İnkişaf Bankının nümayəndə heyətinin rəhbəri, baş şəhər üzrə mütəxəssis Sancay Coşe  “Su təchizatı və kanalizasiya investisiya proqramı” layihəsinin icrasından razı qaldıqlarını bildirmiş və qeyd etmişdir ki, bu layihə tezliklə istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir.

  Görüşdə layihənin icra vəziyyəti və maliyyələşmə məsələləri ətrafında  müzakirələr aparılmışdır.

  Qeyd edək ki, Azərbaycan hökumətinin  Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş, Beyləqan, Ağcabədi və Balakən şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutulur. Bu layihələr çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində işlərə başlanmışdır. Ağcabədi və Balakən şəhərlərində isə layihənin icrasına hazırlıq işləri davam etdirilir.