logo

Abunəçilərlə sövdələşmələrə gedən əməkdaşların qanunsuz əməlləri ilə bağlı faktlar aşkarlanmışdır


Yaradılıb: 03-04-2013 16:27

     

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması, sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması, abunəçilərlə işin düzgün təşkili istiqamətində nəzarət tədbirlərini davam etdirir. Bu məqsədlə Səhmdar Cəmiyyətin əməkdaşlarının fəaliyyətinə xüsusi diqqət yetirilir, onların vəzifələrindən sui-istifadə etməməsi məqsədi ilə qabaqlayıcı tədbirlər görülür.

 

   Su kəməri təsərrüfatında çalışan əməkdaşların mütəmadi olaraq təlimatlandırılmasına və onlar arasında maarifləndirmə işlərinin aparılmasına baxmayaraq vəzifə borcuna vicdanla yanaşmayan, peşə etikasına əməl etməyən işçilərə də rast gəlinir. “Azərsu” ASC-nin  Abonent İşləri Departamenti əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində bəzi işçilər tərəfindən abunəçilərin qeyri-qanuni yolla sayğacla təmin edilməsi, onların sayğaclara müdaxilə etməsi ilə bağlı faktlar aşkarlanmışdır. Araşdırmalar nəticəsində “Azərsu” ASC-nin Nəzarət Ölçü Cihazları Departamentinin 6 saylı sayğac quraşdırma sahəsinin rəisi Kərimov Nurəhməd Kərim oğlu və Nəsimi rayon Sukanal Departamentinin nəzarətçisi Qədirov Vüsal Rövşən oğlunun qeyri-qanuni əməlləri ifşa edilmişdir.

   Məlum olmuşdur ki, Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Karat-Holdinq” MMC tərəfindən su sayğacının işləməməsi ilə bağlı cari ilin yanvar ayında Yasamal rayon Sukanal Departamentinə müraciət edilmişdir. Həmin vaxt Nəzarət Ölçü Cihazları Departamentinin Yasamal rayonu ərazisində fəaliyyət göstərən 6 saylı sayğac quraşdırma sahəsinin rəisi  N. Kərimov “Karat-Holdinq” MMC-də CTB-65 markalı su sayğacını bazardan aldığı işlənmiş mexaniki sayğacla özbaşına olaraq dəyişdirmiş və bunun müqabilində abunəçidən 350 manat pul almışdır. Sonrakı araşdırmalardan məlum olmuşdur ki, həmin  sayğac  əvvəllər Nərimanov rayonu Dərnəgül küçəsi 2090-cı məhəllədə fəaliyyət göstərən “Bakı-Mexanikləşdirmə-1” ATC-yə məxsus olub, yararsız olduğundan 04 oktyabr 2012-ci il tarixdə  istismardan çıxarılmışdır.

   “Azərsu” ASC-nin Hüquq departamentinə verdiyi izahatda N.Kərimov sayğacın dəyişdirilməsi üçün abunəçidən qeyri-qanuni olaraq 350 manat pul aldığını etiraf etmiş və həmin məbləğin 185 manatını bazardan sayğacın alınmasına, qalan pulu isə digər məqsədlər üçün xərclədiyini bildirmişdir.

   Abonent İşləri Departamenti əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində daha bir əməkdaşın vəzifəsindən sui-istifadə halı aşkarlanmışdır. Məlum olmuşdur ki,  Nəsimi rayon Sukanal Departamentinin nəzarətçisi Vüsal Qədirov Bakı şəhəri Nizami küçəsində 3 abunəçinin sayğacına qeyri-qanuni müdaxilə etmişdir. O, “Azərsu” ASC-nin Hüquq departamentinə verdiyi izahatda müxtəlif ünvanlarda xüsusi alətlərlə mexaniki sayğacların göstəricisini əvvələ çəkməklə faktiki sərfiyyatı süni şəkildə azaltdığını, bunun müqabilində abunəçilərdən müxtəlif məbləğlərdə pul aldığını etiraf etmişdir.

   Bütün bunlar son nəticədə içməli su və kanalizasiya xidmətlərindən istifadənin uçotdan yayındırılmasına  və “Azərsu” ASC-ə ziyan vurulmasına səbəb olmuşdur. Hər iki şəxslə bağlı toplanmış faktlar hüquq-mühafizə orqanlarına göndəriləcəkdir.

   “Azərsu” ASC bir daha bəyan edir ki, abunəçilərin Cəmiyyətin hər hansı əməkdaşı ilə sövdələşmələrə getməsi, sərfiyyatın gizlədilməsi və azaldılması, eləcə də yaranmış borcun müxtəlif  yollarla azaldılması və ləğv edilməsinə yönəlmiş cəhdləri və hərəkətləri yolverilməzdir. Bu cür qeyri-qanuni hərəkətlər “Azərsu” ASC-nin əməkdaşları tərəfindən aşkarlanacaq və onlara qarşı inzibati tədbirlər görüləcəkdir. 

   Qeyd edək ki, əhali qrupuna aid abunəçilərə sayğacların quraşdırılması dövlət, qeyri-əhali qrupuna aid abonentlərə isə onların öz hesabına həyata keçirilir. “Azərsu” ASC abunəçilərə tövsiyə  edir ki,  bütün ödənişləri  bank, poçt şöbələri, Pay-point ödəmə terminalları və internet vasitəsilə ödəsinlər.  Səhmdar Cəmiyyətin əməkdaşlarına heç bir halda nağd şəkildə pul ödəməsinlər.