logo

"Azərsu" ASC-də Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 18-03-2013 15:50

        

   Azərbaycan Respublikası hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) birgə maliyyələşdirdiyi  “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi”  çərçivəsində Agentliyin Şərqi və Mərkəzi Asiya, Qafqaz departamentinin baş direktoru  Kae Yanagisavanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Martın 18-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə layihənin maliyyələşmə məsələləri ilə bağlı müzakirələr aparılmışdır.

     “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən  infrastruktur layihələrində Yaponiya hökumətinin və şirkətlərinin yaxından iştirak etdiyini bildirmiş, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirmişdir. “Azərsu” ASC-nin sədri bu yaxınlarda “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi”  çərçivəsində daha bir şəhərdə - Naftalanda işlərə başlanıldığını xatırladaraq layihənin həyata keçirildiyi digər şəhərlərdə də işlərin qrafika uyğun icra edildiyini diqqətə çatdırmışdır.  

  Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Şərqi və Mərkəzi Asiya, Qafqaz departamentinin baş direktoru  Kae Yanagisava layihənin icrasının gedişindən razı qaldığını qeyd etmiş və təmsil etdiyi qurumun su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə bundan sonra da dəstək verəcəyini bildirmişdir.

    Qeyd edək ki, Azərbaycan  Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi  “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi” 7 şəhər və rayon mərkəzində ( Qusar, Xaçmaz, Xızı, Qobustan, Naftalan Yevlax və Bərdə) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Qusar, Xaçmaz, Xızı şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir. Yaxın vaxtlarda  Qobustan şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin  yenidən qurulması layihəsinin icrasına başlanılacaq.