logo

Oğuz rayonunun 7 kəndinin içməli su təchizatı yaxşılaşdırılmışdır


Yaradılıb: 12-03-2013 15:21
  
 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin, eləcə də respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrinin də içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq bölgələrdə içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə işlər görülür. Proqram çərçivəsində Oğuz rayonun 7 - Xaçmaz, Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və Baş Daşağıl kəndlərinin içməli su təchizatının yaxılaşdırılması layihələri uğurla başa çatdırılmış və Novruz Bayramı ərəfəsində yeni infrastruktur istismara verilmişdir. Martın 11-də Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və Baş Daşağıl kəndlərinə, martın 12-də isə Xaçmaz kəndinə suyun verilməsi ilə əlaqədar açılış mərasimləri keçirilmişdir.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən  qurulur və bu sahədə işlər şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir: “Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Hazırda “Azərsu” ASC-nin sifarişi əsasında ölkənin 24 şəhər və rayon mərkəzində, həmçinin 300-dən artıq kənd və qəsəbəsində su layihələri uğurla icra olunur. 2013-cü ildə isə 10-a yaxın şəhərdə yeni layihələrə start veriləcək. Bu tədbirlərin tərkib hissəsi olan Oğuz rayonunun 7 kəndinin içməli su təchizatının yaxşılaşdırılması nəticəsində içməli sudan əziyyət çəkən 17 mindən artıq sakinin problemi öz həllini tapmışdır. Gələcəkdə rayonun digər kəndlərində də su layihələrinin icrasını planlaşdırırıq”.
 
   
 
Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov həyata keçirilən layihənin rayonun sosial-iqtisadi inkişafına töhfə verdiyini qeyd etmiş və “Azərsu”  ASC-nin regionlarda su təchizatı və kanalizasiya sistemlərini yenidən qurulması üzrə fəaliyyətinin yüksək qiymətləndirmişdir. Göstərdiyi diqqət və qayğıya görə  rayon ictimaiyyəti adından ölkə başçısına minnətdarlığını bildirən Eyvaz Qurbanov son illər Oğuzda infrastruktur layihələrinin icrasının sürətləndiyini söyləmişdir: “Bu gün istismara verilən içməli su layihələri ən gözəl bayram hədiyyəsidir. Novruz Bayramı ərəfəsində insanları sevindirmək əsl savabdır. Mən bu işlərdə əməyi olan hər bir şəxsə oğuzlular adından təşəkür edirəm və işiniz davamlı, uğurlu olsun deyirəm. Hazırda kəndlərlə yanaşı Oğuz şəhərinin özündə də su və kanalizasiya sistemləri tamamilə yenidən qurulur. Rayonumuzda həyata keçirilən su, təbii qaz, yol layihələri turizmin inkişafına böyük təkan verəcək və əhalinin sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaqdır”.
Açılış mərasimlərində çıxış edən kənd sakinləri neçə illərdir davam edən və kəndlərin ən böyük qayğılarından olan içməli su məsələsinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə, “Azərsu” ASC-nin kollektivinə  minnətdarlıqlarını bildirmişdir.   
Qeyd edək ki, 2012-ci ildə icrasına başlanmış layihə çərçivəsində bulaq və çaylarda sugötürücü qurğular tikilmiş, ümumi uzunluğu 80 km olan magistral su xətti çəkilmişdir. 7 kəndi fasiləsiz içməli su ilə təmin etmək məqsədi ilə ümumi tutumu 4600 kubmer olan 11 ədəd su anbarı tikilmiş, 223 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılmışdır. Kəndlərdə hər bir evə birləşmə verilmiş və 3425 ədəd su sayğacı quraşdırılmışdır. 
Layihənin icrası nəticəsində Oğuz rayonunun Xaçmaz kəndinin 7140, Böyük Söyüdlü kəndinin 1140, Kərimli kəndinin 3240, Bayan kəndinin 1770, Bucaq kəndinin 1480, Muxas kəndinin 1415 və Baş Daşağıl kəndinin 1265 sakininin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılmışdır.
Xatırladaq ki, “Azərsu” ASC Ağdam, Tərtər, Füzuli, Ağcabədi, Zaqatala, Balakən, Salyan, Xızı, Şabran, Siyəzən, Lerik, Yardımlı və Gədəbəy rayonlarının içməli su çatışmazlığı müşahidə olunan kəndlərində də qısa müddətdə belə layihələr həyata keçirmişdir. Görülmüş tədbirlər nəticəsində 2012-ci ildə həmin rayonların 32 mindən çox sakininin içməli su problemi öz həllini tapmışdır.