logo

"Azərsu" ASC-də 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir


Yaradılıb: 07-03-2013 16:47
  
 
 “Azərsu” Səhmdar Cəmiyyətində 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə  tədbir keçirilmişdir. Bu əlamətdar gün münasibəti ilə “Azərsu” ASC-nin qadın əməkdaşlarını rəhbərlik adından təbrik edən Səhmdar Cəmiyyətin  sədr müavini Mahir Məmmədov 8 mart – Beynəlxalq Qadınlar gününün yaranma tarixinə nəzər salaraq bu bayramın dünyanın əksər ölkələrində  qeyd olunduğunu bildirmişdir. Milli-mənəvi dəyərlərin əsrlər boyu yaşadılmasında Azərbaycan qadınlarının misilsiz xidmətlərinin olduğunu xatırladan  M.Məmmədov müasir dövrdə də qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak etdiyini vurğulamışdır. “Xalqımızın ümummilli lideri Heydər Əliyev qadınların cəmiyyətdə rolunun artırılması məsələsini daim diqqətdə saxlamışdır. Bu siyasəti davam etdirən Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə gender siyasəti, ailə və uşaqlara dövlət qayğısı  istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri vardır”.  
M.Məmmədov  su təsərrüfatı sektorunda mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğunu bildirmişdir. Qadınların üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi  və cəmiyyətdə fəal mövqe tutması yüksək qiymətləndirilmişdir. 
Tədbirin sonunda “Azərsu” ASC-nin xanım əməkdaşlarına bayram hədiyyələri təqdim edilmişdir.