logo

Cəbhə xəttində yerləşən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin içməli su təchizatı yaxşılaşdırılacaq


Yaradılıb: 07-03-2013 14:15
 
 
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti rayon mərkəzləri və onlara yaxın kəndlərlə yanaşı cəbhə bölgəsində yerləşən , eləcə də sudan daha çox əziyyət çəkən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələr icra edir. “Azərsu” ASC-nin təsdiq etdiyi Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq düşmən mövqelərindən cəmi bir neçə yüz metr aralıda yerləşən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin içməli su probleminin birdəfəlik həlli məqsədilə yeni layihənin icrasına başlanılıb.
Martın 6-da  kəndə səfər edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Tap Qaraqoyunlu əhalisi ilə görüşmüş və görüləcək işlərlə bağlı müzakirələr aparmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin cəbhə bölgəsində yerləşən rayonların sosial-iqtisadi inkişafına xüsusi önəm verdiyini xatırladan “Azərsu” ASC-nin sədri dövlət başçısının tapşırıqlarına uyğun olaraq qısa müddətdə Tap Qaraqoyunlu kəndinə yeni mənbədən təmiz, keyfiyyətli içməli suyun veriləcəyini bildirmişdir: “Tap Qaraqoyunlu kəndinin içməli su problemini həll etmək məqsədilə Ballıqaya-Goranboy magistral kəmərindən 20 km uzunluğunda yeni su xətti çəkiləcək. Kənd əhalisinin 24 saat fasiləsiz su təchizatını təmin etmək üçün yüksəklikdə yerləşən ərazidə anbar kompleksi inşa ediləcək, kənddaxili paylayıcı su şəbəkəsi yaradılacaq və hər bir evə birləşmə veriləcək. Hədəfimiz qısa müddətdə bu işləri başa çatdırmaq və yaya qədər kəndi içməli su ilə təmin etməkdir”.
Tap Qaraqoyunlu kəndinin təbii qaz və elektrik enerjisi ilə təchiz edildiyini diqqətə çatdıran Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev içməli su probleminin həlli ilə kəndin kommunal xidmətlərlə təchizatının ən yüksək səviyyədə təmin olunacağını qeyd etmişdir. Yaradılmış şəraitə və xüsusi diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildirən kənd sakinləri layihənin icrası zamanı tikintini aparanlara hər cür köməklik göstərəcəklərini söyləmişlər.
Cəbhənin təmas xəttində, Ermənistan ordusunun işğal etdiyi Ağdərə rayonunun Talış kəndi ilə sərhəddə yerləşən Tap Qaraqoyunlu kəndində 2800-ə yaxın əhali yaşayır. Yerli əhali içməli su kimi Ermənistan ordusunun nəzarətində olan ərazilərdən axıb gələn İncə çayından ayrılmış arxın suyunu müxtəlif yollarla təmizləyərək istifadə edirlər.
Qeyd edək ki, “Azərsu” ASC tərəfindən 2012-ci ildə Ağdam, Füzuli, Ağcabədi və Tərtər rayonlarının sərhəd kəndlərində içməli su layihələri icra edilmiş və nəticədə  6 mindən çox insanın içməli su təminatı yaxşılaşmışdır.