logo

Səudiyyə İnkişaf Fondu Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə güzəştli kredit ayıracaq


Yaradılıb: 20-02-2013 15:26

     

   “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi üzrə Kredit Sazişi” layihəsinə dair Səudiyyə İnkişaf Fondu ilə danışıqlar aparılması məqsədi ilə  11-15 fevral 2013-cü il tarixlərində “Azərsu” ASC sədrinin xarici sərmayələr üzrə müavini İlqar Tağıyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində işgüzar səfərdə olmuşdur.

   Azərbaycan Respublikası Nazirlər Kabineti, İqtisadi İnkişaf və Maliyyə  nazirliklərinin də daxil olduğu nümayəndə heyəti səfər çərçivəsində Səudiyyə İnkişaf  Fondunun  Asiya regionu üzrə texniki direktoru Eng Mohammad Al-Alarifi və baş mühəndisi Mohammad Al-Draibi ilə görüşmüşdür.  Keçirilən görüşlərdə  layihənin maliyyələşmə məsələləri barədə danışıqlar aparılmış, Kredit Sazişi layihəsinə dair rəy və təkliflər müzakirə edilmişdir. Tərəflər arasında qarşılıqlı razılıq əldə edildikdən sonra Səudiyyə İnkişaf Fondu tərəfindən Kredit Sazişinin yekun variantı hazırlanmışdır. Danışıqların yekununda Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi üzrə Kredit Sazişi” layihəsi üzrə danışıqlara dair Protokol imzalanmışdır.  Kredit sazişinə əsasən bu layihənin maliyyələşdirilməsi üçün Səudiyyə İnkişaf Fondu Azərbaycan hökumətinə güzəştli şərtlərlə  35 mln dollar kredit ayıracaq. 

   İcrasına cari ilin ikinci yarısında başlanacaq layihəyə əsasən Abşeron rayonu Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemləri  yenidən qurulacaq.  Xırdalan şəhərinə içməli su Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən veriləcək. Buradan götürülən su hər birinin tutumu 20 min kubmetr olan 3 yeni  anbara – “+82 Masazır”, “+120 Masazır” və “+118Abşeron” su anbarlarına ötürüləcək və anbarlardan magistral xətlər vasitəsilə şəhər şəbəkəsinə özüaxımlı rejimdə veriləcək.

   Layihə çərçivəsində Xırdalan şəhərində ümumi uzunluğu 159 km olan su şəbəkəsi yaradılacaq. Şəhərin kanalizasiya şəbəkəsinin tikintisinə isə yeni kanalizasiya kollektoru istismara veriləndən sonra başlanacaq. Qeyd edək ki, hazırda Xırdalan şəhərində toplanan çirkab suları təmizlənmək üçün Hövsan Aerasiya Stansiyasına ötürülür. Gələcəkdə Xırdalan şəhərində toplanan çirkab suları hazırda Lökbatan qəsəbəsi yaxınlığında inşa edilən və sutkalıq məhsuldarlığı 200 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək. Çirkab suların bu qurğuya özüaxımlı rejimdə ötürülməsini təmin etmək üçün Xırdalan şəhərindən Xocasən qəsəbəsinədək 7 km uzunluğunda tunel tipli kollektor tikilməsinə başlanmışdır. Tikinti işlərinin 2014-cü ilin sonunda başa çatacağı nəzərdə tutulur. Laayihənin icrası tam başa çatdıqdan sonra Xırdalan şəhərində 100 mindən çox sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.