logo

Magistral su kəmərlərinin üzərində sayğaclar quraşdırılır


Yaradılıb: 28-01-2013 16:17
  
 
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması, su itkilərinin və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması məqsədi ilə kompleks tədbirlər həyata keçirir. Əhali və qeyri-əhali qrupuna ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılması ilə yanaşı,  bütün Sukanal Departamentlərinin xidməti ərazilərinin sərhəd nöqtələrində fləns və zond  tipli sayğacların  quraşdırılmasına başlanmışdır. Bu sayğaclar hər bir xidmət ərazisinin giriş və çıxış xətləri üzərində quraşdırılmaqla müvafiq ərazidə içməli suyun həm istehlakı, həm də itkilərini müəyyənləşdirməyə imkan verəcək. Bununla da hər bir sukanal departamenti üzrə verilən suyun faktiki həcmi, satılan suyun həcmi, yığım və itkilər barədə məlumatlar daha dəqiq şəkildə müəyyən olunacaq.
Ümumilikdə Bakı şəhəri üzrə 270 giriş və çıxış nöqtəsində belə sayğacların quraşdırılması nəzərdə tutulur. Bu məqsədlə ilkin mərhələdə Almaniya istehsalı olan  fləns tipli 166 ədəd KROHNE və Böyük Britaniya istehsalı olan zond tipli 91 ədəd ABB markalı su sayğacları  alınmışdır.
Qeyd edək ki, son 1 ildə içməli su sektorunda ilk dəfə smart-kart tipli sayğacların quraşdırılmasına başlanılmışdır. Ötən dövrdə 22 mini smart-kart olmaqla, ümumilikdə 65 min ədəd su sayğacı quraşdırılmışdır.