logo

Təlimləri uğurla başa vurmuş mütəxəssislərə sertifikatlar verilmişdir


Yaradılıb: 22-01-2013 14:14
  
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində həyata keçirilmiş daha bir layihə yekunlaşmışdır. “Azərsu” ASC-nin Türkiyənin TeknoYapı şirkəti ilə əməkdaşlığı çərçivəsində İstanbul şəhərində təşkil edilmiş təlim kursları yekunlaşmış, Səhmdar Cəmiyyətin 80 mütəxəssisi təlimləri uğurla başa vurmuşdur. Yanvarın 22-də “Azərsu” ASC-də təlim iştirakçılarına sertifikatların verilməsi mərasimi keçirilmişdir.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkədə gənclər siyasətinin dövlətin prioritet məqsədlərindən olduğunu xatırladaraq Səhmdar Cəmiyyətdə gənc mütəxəssislərin işə qəbuluna, onların fəaliyyətinə xüsusi diqqət yetirildiyini vurğulamışdır. Səhmdar Cəmiyyətin sədri ölkədə  həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək işlərin keyfiyyətli icrasını təmin etmək məqsədi ilə yeni texnologiyalardan və yüksək ixtisaslı mütəxəssislərin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırmışdır. Gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının, iş təcrübəsinin yüksəldilməsi istiqamətində görülən işlər barədə məlumat verən “Azərsu” ASC-nin sədri ötən il 477 əməkdaşın müxtəlif sahələr üzrə təlim-tədris proseslərinə cəlb olunduğunu bildirmişdir:   “Bu sahədə Türkiyənin TeknoYapı şirkəti ilə əməkdaşlıq çərçivəsində 80 əməkdaşımızın İstanbul şəhər Sukanal İdarəsində təşkil olunan təlimlərdə iştirakını xüsusi qeyd etmək istərdim. Hər qrupda 20 nəfər olmaqla 4 qrup üzrə keçirilmiş təlimlərdə kimyaçılar, bioloq, mexanik, inşaatçı, energetik, layihəçi, hidrotexnik, metroloq, hidrogeoloq və ekoloqlar iştirak etmişlər. Təlimlər Türkiyənin yüksək ixtisaslı alimləri və mütəxəssisləri tərəfindən keçirilmiş və istehsalat sahələrində olan əməkdaşlarımıza texnoloji proseslərin  incəlikləri əyani şəkildə izah edilmişdir. İstanbul şəhər Sukanal İdarəsi, Türkiyə Su İnstitutu və “TeknoYapı” şirkəti təlimlərin yüksək səviyyədə təşkilinə böyük dəstək göstərmişdir”.
    
Tədbirdə iştirak edən Türkiyə Su İnstitutunun sədri Ahmet Saatçı təlimlərdə iştirak etmiş azərbaycanlı mütəxəssislərin bilik və təcrübə səviyyəsindən razı qaldığını bildirərək qeyd etmişdir ki, tədris prosesində əldə olunan uğurlar onların peşəkar kadr kimi formalaşmasına müsbət təsir göstərəcək: “Gənc olmalarına baxmayaraq, iştirakçıların təlim prosesində yeni texnologiyalar və qabaqcıl təcrübələrin öyrənilməsinə böyük həvəs və maraq göstərdiklərinin şahidi olduq. Ümid edirəm ki, iştirakçılar təlimlərdə qazandıqları təcrübəni gələcək fəaliyyətlərində uğurla tətbiq edəcəklər”.  
Türkiyənin TeknoYapı şirkətinin idarə heyətinin üzvü Həsən Sarıkaya təlimlərin yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlardan istifadə olunduğunu bildirmişdir: “Tədris prosesində mütəxəssislərin böyük marağının şahidi olduq. İştirakçılara Türkiyənin su və kanalizasiya infrastrukturu barədə ətraflı məlumat verdik və onların istehsalat sahələrinə ekskursiyalarını təşkil etdik. Təlimlər müxtəlif sahələr üzrə keçirilsə də biz kadrların hərtərəfli bilgi əldə etməsi üçün su təchizatı və kanalizasiya infrastrukturunun bütün incəlikləri barədə məlumat verdik”.
Təlimlərdə iştirak etmiş Fuad Cavadzadə və Ülkər Həsənova tədris prosesində qazandıqları bilik və təcrübənin gələcək fəaliyyətlərində tətbiq edəcəklərini bildirmişlər.
Tədbirin sonunda təlimlərdə müvəffəqiyyətlə iştirak etmiş gənc mütəxəssislərə sertifikatlar təqdim olunmuşdur.