logo

"Azərsu" ASC-də “20 yanvar - Ümumxalq hüzn günü” münasibəti ilə anım mərasimi keçirilmişdir


Yaradılıb: 18-01-2013 14:53
  
“20 yanvar - Ümumxalq hüzn günü” münasibəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində anım mərasimi keçirilmişdir.  Əvvəlcə faciə qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 
Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 23 il əvvəl baş vermiş hadisənin Azərbaycan xalqının  azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirmişdir. “Azərsu” ASC-nin sədri qeyd etmişdir ki, 1988-ci ildən başlayaraq Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş  SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən Azərbaycan xalqı Bakının küçə və meydanlarına çıxaraq cərəyan edən proseslərə qəti etirazını bildirmişdir. SSRİ rəhbərliyinin ermənipərəst siyasətinə qarşı etirazlar böyüyərək bütün respublikanı əhatə etmişdir. Xalqın mübarizə əzmini qırmaq istəyən SSRİ rəhbərliyinin göstərişi ilə 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtına və böyük şəhərlərinə xüsusi təyinatlı qoşunlar yeridilmiş və onlar dinc xalqa qarşı qırğınlar törətmişdir. Nəticədə 134 mülki vətəndaş qətlə yetirilmiş, 600-dən çox adam yaralanmışdır. Həmin illərdə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin günlərdə də xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 20 yanvar faciəsi ilə bağlı cəsarətli mövqe nümayiş etdirmişdi. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndələyinə gələrək, xarici jurnalistlər qarşısında çıxış etmiş, imperiya siyasətini, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa  etmişdir: “Ümummilli liderin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməsi məsələsi yenidən gündəmə gəlmişdir. 1994-cü il martın 29-da Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edilmişdir. 20 yanvar faciəsi qurbanlarının əziz xatirəsini həmişə uca tutan ümummilli lider onların adlarının əbədiləşdirilməsi, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşmışdır. Bu humanist siyasət bu gün ulu öndərin layiqli davamçısı Möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilir”.
Tədbirdə su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Xariz Alimov, İvan Proxorov, Mirzə Qəniyev, Kamil Həzrətquliyev və Təranə İmanovanın yaralandığı xatırlanmışdır.
Tarixçi alim Vəkil Həsənov qanlı hadisələrlə bağlı geniş çıxış edərək bildirmişdir ki, 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov, 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova  çıxış edərək şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirmişlər.