logo

“Azərsu” ASC-də Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 14-03-2012 14:57

                    

 Martın 14-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının Regionların İnkişafı və Su Təchizatı departamentinin Mərkəzi və Qərbi Asiya ölkələri üzrə direktoru Anand Çinplunkarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Asiya İnkişaf Bankının Azərbaycanda həyata keçirilən investisiya proqramlarında yaxından iştirak etməsini yüksək qiymətləndirərək “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində bankın krediti hesabına maliyyələşdirilən layihələrin uğurla icra olunduğunu bildirmişdir.

 Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Anand Çinplunkar Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirmiş və  qeyd etmişdir ki, təmsil etdiyi qurum Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində bundan sonra da iştirak etməkdə maraqlıdır.

 Görüşdə “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın icra vəziyyəti, maliyyələşmə, kadr hazırlığı və gələcək əməkdaşlıq məsələləri  müzakirə edilmişdir.

  Azərbaycan Hökumətinin iştirak payı və Asiya İnkişaf  Bankının krediti hesabına maliyyələşdirilənŞəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın I mərhələsində Ağdaş və Göyçay şəhərlərində suqəbuledici qurğular kompleksi yaradılmışdır. II mərhələ çərçivəsində Ağdaş və Göyçay, eləcə də Beyləqan şəhərlərinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması nəzərdə tutulur. Hər 3 şəhər üzrə elan edilmiş tenderlər aprel ayının sonuna qədər yekunlaşacaq. Asiya İnkişaf Bankının krediti hesabına reallaşdırılan layihənin III mərhələsində isə Ağcabədi və Balakən şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq.  İlkin razılığa görə II və III mərhələ üzrə işlərin cari ildə başlanması nəzərdə tutulur.