logo

“Azərsu” ASC-də Koreya İxrac-idxal Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 28-02-2012 14:48

 

 

             

  Fevralın 28-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Koreya İxrac-idxal Bankının Azərbaycanda səfərdə olan missiyası ilə görüş keçirilmişdir. “Azərsu” ASC-nin Xarici əlaqələr şöbəsinin rəisi İlqar Tağıyev Azərbaycanda həyata keçirilən investisiya layihələrində Koreya Hökumətinin və şirkətlərinin yaxından iştirak etməsini yüksək qiymətləndirərək, həmin layihələrin uğurla icra olunduğunu bildirmişdir.

  Koreya İxrac-idxal Bankının ətraf mühit üzrə mütəxəssisi Con Su Yun Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirmiş və  qeyd etmişdir ki, Koreya Hökuməti su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə bundan sonra da dəstək verəcək. 

  Görüşdə “Pirşağı Çirkab Sutəmizləyici Qurğusunun tikintisi layihəsi” üzrə maliyyə məsələləri müzakirə edilmişdir. Koreya Hökuməti bu layihəyə 43,5 milyon ABŞ dolları ekvivalentində güzəştli kredit ayırmaq niyyətindədir. Kreditin ilk 10 ili güzəştli olmaqla 40 ilə, illik 0,2 faizlə ayrılması nəzərdə tutulur.  Ümumi dəyəri 60 milyon ABŞ dolları olan layihənin qalan hissəsini Azərbaycan tərəfi maliyyələşdirəcək.

 Qeyd edək ki, “Pirşağı Çirkab Sutəmizləyici Qurğusunun tikintisi layihəsi” Pirşağı qəsəbəsinin kanalizasiya sisteminin yaxşılaşdırılmasını nəzərdə tutur. Layihə çərçivəsində qəsəbədə məhsuldarlığı sutkada 40 min kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək. Ən son texnologiya əsasında inşa olunacaq çirkab sutəmizləyici qurğuda təmizlənmiş sudan suvarma məqsədləri üçün istifadə olunacaq.

  Xatırladaq ki, Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) ayırdığı qrant hesabına reallaşdırılacaq. 14 oktyabr 2011-ci ildə “Azərsu” ASC ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında imzalanmış Qrant sazişinə əsasən Koreya Hökuməti bu məqsədlə 26,18 milyon ABŞ dolları məbləğində qrant ayıracaq. Layihə üzrə qalan xərclər isə Azərbaycan hökuməti tərəfindən əlavə maliyyələşmə şəklində təmin olunacaq. Koreya tərəfinin ayırdığı qrant hesabına Kürdəxanı qəsəbəsində 2 ədəd su anbarı, nasos stansiyası, 24,8 km uzunluğunda müxtəlif diametrli su, 24,8 km uzunluğunda kanalizasiya xətti çəkiləcək.