logo

Su ehtiyatları


                              

Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanmışdır. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi  ölkə hüdudlarından kənarda formalaşır.

   Azərbaycanın yerüstü su ehtiyatlarının  19-20,6 kubkilometri transsərhəd çayların, 9,5-10 kubkilometri isə yerli çay axımı hesabına formalaşır. Samur çayı istisna olmaqla birbaşa Xəzər dənizinə tökülən çayların illik su ehtiyatı 2,2-2,5 kubkilometr təşkil edir ki, bunun da 1-1,1 kubkilometri Böyük Qafqazın şimal-şərq yamacından, 1,2-1,4 kubkilometri Lənkəran təbii vilayətindən axan çayların payına düşür. Kür çayının hövzəsinə daxil olan sağ və sol qolların ümumi su ehtiyatı isə 7,5-7,8 kubkilometr təşkil edir.

     Respublikanın əsas su arteriyaları olan Kür və Araz çayları ölkə ərazisinə daxil olana qədər müxtəlif kimyəvi element və birləşmələrlə, üzvi maddələrlə çirklənməyə məruz qalır. Sərhəd xətlərində bu çayların sularında neft məhsulları, fenollar, mis, bismut, titan, manqan və digər elementlər yol verilən qatılıq həddindən artıqdır. Ermənistan ərazisindən Azərbaycana daxil olan Araz çayında çirklənmə dərəcəsi digər çaylardan daha çoxdur. Çay suları respublika ərazisində də müxtəlif mənşəli çirklənmələrə məruz qalır.

   Respublika ərazisindəki irili-xırdalı 8359 çaydan yalnız 171-nin uzunluğu 25 kilometrdən artıqdır. 327 çayın uzunluğu 25 kilometrdən, 7861 çayın uzunluğu isə 10 kilometrdən azdır. Hesablamalara görə, Azərbaycanda çay şəbəkəsinin orta sıxlığı 0,39 kubkilometr təşkil edir. Çay şəbəkəsinin ən böyük sıxlığı Lənkəran  (0,84 kilometr/kvadratkilometr), ən az sıxlığı isə Ceyrançöl və Abşeron-Qobustan (0,20 kilometr/kvadratkilometr) bölgələrinin payına düşür.

   Təbii şəraitdə respublikada çay suları şirin sulu olmaqla ümumi minerallaşma dərəcəsi 0,3-0,5 qram/litr səviyyəsindədir. Çay sularının kimyəvi tərkibində hidrokarbonat və kalsium ionları üstünlük təşkil edir. Ceyrançöl və Abşeron-Qobustan çaylarının suları isə 0,5-1,5 qram/litr və daha çox minerallaşma dərəcəsi ilə sulfatlı natriumlu kimyəvi tərkibə malikdir.

  Su anbarları: Azərbaycanda çayların yerüstü axını hidroloji ildən və mövsümlərdən asılı olaraq kəskin dəyişir. Bu dəyişkənlikdən asılılığı azaltmaq və il ərzində istifadə oluna biləcək etibarlı su mənbələrinə malik olmaq məqsədi ilə bir sıra çayların üzərində su anbarları yaradılıb. Respublikamızda 140-a qədər su anbarı var. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir (həcmi 16 milyard kubmetr), Şəmkir (həcmi 2,6 milyard kubmetr), Araz çayı üzərindəki Araz (həcmi 1,3 milyard kubmetr), Tərtər çayı üzərindəki Sərsəng (həcmi 0,5 milyard kubmetr) su anbarlarıdır. Su anbarlarının ümumi sahəsi 87 min hektar, suyunun həcmi isə 22 kubkilometrə yaxındır. 

  Göllər: Azərbaycan ərazisində ümumi sahəsi 394 kvadratkilometr olan 450-yə yaxın göl mövcuddur  ki, bunlardan da 200-ə yaxını yay aylarında quruyur. Göllərin ümumi  su ehtiyatı 0,9 kubkilometrə, şirinsulu göllərin ehtiyatı isə 0,03-0,05 kubkilometrə yaxındır. 

   Buzlaqlar: Azərbaycan ərazisində buzlaqlar  əsasən Böyük Qafqaz dağlarının Baş Suayrıcında və Yan Silsilədə mütləq yüksəkliyi 3600-4000 metrdən artıq olan ərazilərdə formalaşıb. Son 70 ildə dağ zirvələrindəki buzlaqların sahəsi xeyli azalıb. Hazırda buzlaqların sahəsi təqribən 6,6 kvadratkilometr, su ehtiyatı isə 0,08 kubkilometr təşkil edir. Buzlaqlar Bazardüzü zirvəsində 3,6 kvadratkilometr, Bazaryurdda 1 kvadratkilometr, Tufandağda 0,5 kvadratkilometr, Şahdağda isə 1,1 kvadratkilometr sahəni əhatə edir.  Kiçik Qafqazda   yalnız Qapıcıq dağında sahəsi 0,15 kvadratkilometr olan buzlaq mövcuddur.  Buzlaqlar çayların qidalanmasında və illik su ehtiyatlarının tənzimlənməsində mühüm rol oynayır.

  Yeraltı sular: Respublikanın istifadəyə yararlı yeraltı sularının illik istismar ehtiyatları 9 milyard kubmetrə yaxındır. Yeraltı suların əsas ehtiyatları Samur-Dəvəçi, Şəki-Zaqatala, Gəncə-Qazax, Mil-Qarabağ, Cəbrayıl, Naxçıvan dağətəyi düzənliklərində toplanıb. Bu ehtiyatların 60 %-ə yaxını Samur-Dəvəçi, Şəki-Zaqatala və Gəncə-Qazax dağətəyi düzənliklərinin ərazisində yerləşir. Geoloji kəsilişdə yüksək sukeçiricilik xüsusiyyətlərinə malik çaqıl-çınqıl və qumlu süxurların üstünlük təşkil etməsi, çay şəbəkəsinin yaxşı inkişaf etməsi, yağıntıların çoxluğu bu ərazilərdə yeraltı suların qidalanması üçün əlverişli şərait yaradır. Dağətəyi bölgələr içərisində Ceyrançöl və Acınohur düzənlikləri yeraltı suların ehtiyatlarının çox məhdudluğu və nisbətən yüksək minerallaşma dərəcələri ilə səciyyələnir. Şamaxı-Qobustan ərazisi bir qədər müsbət şəraitlə fərqlənir.

  Böyük və Kiçik Qafqazın, Talışın dağlıq hissələrində yüksək keyfıyyətli yeraltı sular əsasən tektonik çatlarla əlaqəli olaraq bulaqlar şəklində təzahür edir. Yamacların ətəklərində, dərələrdə rast gəlinən bulaqların sərfı adətən 5-10 litr/saniyə arasında dəyişir. Dağ çaylarının yataqaltı süxurlarında gündəlik sərfi 40-60 min kubmetr olan yeraltı sular da geniş yayılmışdır.

   Ölkə ərazisində su ehtiyatlarının məhdudluğuna və şirin su ehtiyatlarının həcminə görə Cənubi Qafqazın ən “kasıb” ölkəsi olmasına baxmayaraq, Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrindən irəlidədir.